Avropa çempionatının qalibi olan yeniyetmə ağır atletlərimiz mükafatlandırılıb
Kosovonun paytaxtı Priştinada keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa çempionatında 11 medal qazanaraq birinci yeri tutan Azərbaycan milli komandasının üzvləri Vətənə qayıdıblar.

Mötəbər yarışda böyük uğur qazanan komandamızın üzvlərinin mükafatlandırılması mərasimi keçirilib.

“AAAF Park” yaşayış kompleksində təşkil olunan mərasimdə Federasiyanın vitse-prezidenti Tofiq Heydərov çıxış edərək Avropa birinciliyində qazanılan bu uğurun Azərbaycanda ağır atletika idmanının tarixində özünəməxsus yer tutduğunu bildirib: “AAAF gənc idmançıların uğur qazanmaları üçün mühüm işlər həyata keçirir. Kosovoda qazanılan nəticə olduqca sevindiricidir. Biz sübut etdik ki, qadağan olunmuş preparatlardan istifadə etmədən, istedadla və səylə çalışaraq uğur qazanmağa qadirik. Qarşılaşdığımız maneələr bizi qorxutmur və çəkindirmir. Fərdi mükafatlarla yanaşı, bu uğurun komanda hesabında da əldə edilməsini xüsusi vurğulamaq lazımdır”.

Bu uğurların davamlı olacağına əminliyini ifadə edən T.Heydərov qələbə münasibətilə idmançılara və məşqçilərə təşəkkürünü bildirib, onlara təbriklərini çatdırıb.

Federasiyanın baş katibi Rizvan Rəsulov yeniyetmə atletlərin böyük uğurunun ardıcıl və gərgin zəhmət nəticəsində əldə olunduğunu vurğulayaraq deyib: “AAAF dopinqə qarşı yüksək səviyyədə mübarizə aparır. Kosovodakı nəticələr göstərir ki, istedadlı atletlərimiz bu preparatlarsız çempion ola, medal qazanır, üstəlik rekordlar yeniləyirlər. Maksimum şərait yaradılandan, qidalanma və məşq prosesi düzgün aparılandan sonra uğur qaçılmazdır”.

Sonda AAAF-ın vitse-prezidenti Ruslan Xanverdiyev qalib və medalçılara, milli komandamızın digər üzvlərinə və məşqçilərə mükafatları təqdim edib.

Xəbər 750 dəfə oxundu.