Yığmamız mükafatlandırıldı
Sentyabrın 22-dən 30-dək Kosovonun paytaxtı Priştina şəhərində keçirilmiş 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyində 11 medal qazanaraq Avropanın ən güclü yığması adını qazanan komandamız vətənə dönüb.

Ənənəvi olaraq, Azərbaycan Ağır Atletika Federasiyasının rəhbər heyəti qalib və mükafatçıları, uğurda əməyi olanları mükafatlandırmaq üçün mərasim təşkil edib.
Tədbirdə vitse-prezidentlər Tofiq Heydərov və Ruslan Xanverdiyev, həmçinin baş katib Rizvan Rəsulov iştirak ediblər.

Vitse-prezident Tofiq Heydərov Kosovodakı Avropa birinciliyində əldə edilən nəticəni Azərbaycan ağır atletika tarixində özünəməxsus yer tutacağını bildirib: “Biz federasiya olaraq gənc nəslin uğur qazanması üçün böyük işlər həyata keçiririk. Bilirik ki, hər şey məhz onlardan başlayır, onların qələbələri gələcək çempionluqlar üçün mənbə, təməldir. Kosovoda qazanılan nəticəyə hamımız çox sevindik. Biz sübut etdik ki, qadağan olunmuş preparatları qəbul etmədən, istedad və çalışma gücü ilə uğur əldə etmək olar. Qarşılaşdığımız maneələr bizi qorxutmur, çəkindirmir. Fərdi mükafatlarla yanaşı, bu uğurun komanda hesabında əldə edilməsini də xüsusi vurğulamaq lazımdır. Rəhbərlərdən tutmuş ən sıravi idmançı, inzibatçıya qədər gücü bir yerə qoymaq, kollektiv uğur üçün var gücü ilə çalışmağın nəticəsini belə görmək bizə böyük zövq verir. Çünki əziyyətimizin bəhrəsini görürük. İnanıram ki, bu uğurların davamı gələcək”.

Daha sonra federasiyanın baş katibi Rizvan Rəsulov çıxışında bildirib ki, maksimum şərait yaradılandan, qidalanma və məşq prosesi düzgün aparılandan sonra uğur qaçılmazdır.

Sonda vitse-prezident Ruslan Xanverdiyev qalib və medalçılar, milli komandamızın digər üzvləri, həmçinin məşqçilər heyətinə mükafatları təqdim edib.

Xəbər 753 dəfə oxundu.