Futbol üzrə muxtar respublika çempionatında yeni mövsümə start verilib
Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri ilə razılaşdırılmış təqvim planına uyğun olaraq, futbol üzrə XVI muxtar respublika çempionatına start verilib.

Doqquz komandanın mübarizə apardığı çempionat iki dövrədən ibarətdir. İlk dövrəyə bu il noyabrın sonunadək yekun vurulacaq. İkinci dövrənin oyunları isə gələn il fevralın 27-də başlayacaq və mayın sonunadək başa çatacaq. Hər turda bir komanda istirahət edəcək.

Artıq çempionatda ilk iki tura yekun vurulub. Son 3 mövsümün çempionu “Araz-Naxçıvan” futbol komandası cari mövsümdə də iddialı olduğunu ilk iki turda qazandığı maksimum xalla sübut edib. Naxçıvan şəhər təmsilçisi “Arpaçay” və “Dübəndi” komandalarının qapısından, ümumilikdə, 10 cavabsız top keçirib. Yeni mövsümə “Babək” komandası da iddialı başlayıb. “Əlincə” (Culfa) komandası ilə ilk turu heç-heçə (1:1) başa vuran babəklilər ikinci turda səfərdə “Sədərək” komandasından üstün olublar – 1:2.

Ötən mövsüm çempionatın ikincisi olan Şahbuzun “Batabat” komandası yeni futbol mövsümünə uğursuz başlayıb. Hər iki görüşdə məğlub olan şahbuzlular turnir cədvəlində xal qazanmayan iki komandadan biridir. Eyni ilə bu sözləri “Arpaçay” və Naxçıvan Dövlət Universitetinin komandaları haqqında da demək olar.

Mövsümdən əvvəl isə Futbol Federasiyası tərəfindən Naxçıvan Muxtar Respublika Stadionunda yeni hakimlər üçün ikihəftəlik seminar təşkil olunub. Seminarın keçirildiyi müddətdə hakimlərə yeni oyun qaydaları və müasir futbolda hakimlərin hansı qaydalara riayət etməsi məsələləri şifahi və praktik şəkildə izah edilib. Bu mövsümdə keçirilən bütün oyunları yeni təyinat alan hakimlər briqadası idarə edir.

Xəbər 630 dəfə oxundu.