Formula-1 Malayziya Qran-Prisi “Red Bull Racing”in pilotu Maks Verstappenin qələbəsi ilə başa çatıb
Formula-1 üzrə dünya çempionatının 15-ci mərhələsi – Malayziya Qran-Prisi “Red Bull Racing” komandasının hollandiyalı pilotu Maks Verstappenin qələbəsi ilə başa çatıb.

Start xəttindən liderliyi ələ keçirən 20 yaşlı pilot bu üstünlüyü finişədək qorumağı bacarıb və mövsümdə birinci, karyerasında isə ikinci qələbəsinə imza atıb. O, 5,543 kilometr uzunluğundakı trekdə 56 dövrəni 1 saat 30 dəqiqə 01,29 saniyəyə başa vuraraq qalib gəlib.

Çempionatın lideri - “Mersedes”in britaniyalı pilotu Luis Hamilton ikinci (+12,770), M.Verstappenin komanda yoldaşı Daniel Rikkiardo isə (22,519) üçüncü olublar.

Beləliklə, 15 mərhələdən sonra pilotların yarışında liderlik 281 xala sahib olan L.Hamiltona məxsusdur. “Ferrari”nin almaniyalı pilotu Sebastian Vettel 247 xalla ikincidir. “Mersedes” komandasının finlandiyalı pilotu Vallteri Bottas isə 222 xalla üçüncü yerdə qərarlaşıb.

Konstruktorların siyahısına 503 xalla “Mercedes” kollektivi başçılıq edir. “Ferrari”nin 385, “Red Bull Racing”in 270 xalı var.

Dünya çempionatının növbəti mərhələsi oktyabrın 6-8-də Yaponiyada keçiriləcək. Builki çempionata noyabrın 24-26-da təşkil olunacaq Abu-Dabi Qran-Prisi ilə yekun vurulacaq.

Xatırladaq ki, Formula-1 dünya çempionatının səkkizinci mərhələsi – Azərbaycan Qran-Prisi bu il iyunun 23-25-də Bakıda keçirilib.

Xəbər 663 dəfə oxundu.