Eda Erdem Dündar: Rusiya voleybolçuları ilə revanş matçını səbirsizliklə gözləyirik
Polşa ilə oyunun çətin keçəcəyini bilirdik. Matçın ilk iki setindən sonra çox yorulduq. Üçüncü setdə polşalı voleybolçular daha yaxşı müdafiə olunmağa başladılar. Servislər zamanı da bir neçə dəfə fərqləndilər. Bu da bizim oyun ritmimizi pozdu.

Bu sözləri qadın voleybolçulardan ibarət Türkiyə yığmasının kapitanı Eda Erdem Dündar Polşa ilə qarşılaşmadan sonra müsahibəsində deyib.

“Dördüncü setdə hesabda geri olmağımıza rəğmən qalib gələrək növbəti mərhələyə yüksəldiyimiz üçün çox sevincliyik. Dörddəbir final mərhələsində rəqibimiz Rusiya voleybolçularıdır. Qrup mərhələsindəki məğlubiyyətin revanşını almaq üçün matçı səbirsizliklə gözləyirik”, - deyə kapitan qeyd edib.

Xatırladaq ki, sentyabrın 27-də keçirilən pley-off matçında Türkiyə kollektivi polşalı rəqiblərinə 3:1 hesabı ilə qalib gələrək dörddəbir final mərhələsində Rusiya millisinə rəqib olub. Yarımfinala vəsiqə uğrunda Rusiya-Türkiyə görüşü sentyabrın 29-da keçiriləcək.

AZƏRTAC

Xəbər 583 dəfə oxundu.