UEFA Çempionlar Liqası: səkkiz oyunun beşində qonaqlar qalib gəliblər
Futbol üzrə UEFA Çempionlar Liqasında keçirilən ikinci tur daha səkkiz oyunla yekunlaşıb.

Günün ilk matçı Bakıda "Qarabağ"la İtaliya "Roma"sı arasında keçirilib. İtaliya komandası görüşdə 2:1 hesabı ilə qalib gəlib. "Qarabağ"ın yer aldığı "C" qrupunda günün maraqlı görüşü İspaniyanın "Atletiko Madrid" komandası ilə İngiltərənin "Çelsi" klubları arasında olub.

2018-2019-cu il mövsümündə UEFA Çempionlar Liqasının final matçının keçiriləcəyi “Vanda Metropolitano” stadionunda keçirilən matçı türkiyəli baş hakim Cüneyt Çakır idarə edib. Hesabı penalti zərbəsindən İspaniya təmsilçisi açıb. İkinci hissədə "Çelsi" bərabərlik qolunu vurub. Görüşün uzatma dəqiqələrində isə İngiltərə klubu ikinci topu rəqib qapısından keçirərək qələbə qazanıb - 2:1. Bununla da aktivindəki xallarının sayını altıya çatdıran İngiltərə təmsilçisi qrupun vahid lideri olub. "Roma" dörd xalla ikinci pilləyə yüksəlib. "Atletiko" isə Bakıya səfərdən əvvəl bir xalla üçüncü pillədə yer alıb. "Qarabağ"ın isə hələlik hesabında xal yoxdur.

Daha bir matç Fransanın paytaxtı Parisdə PSJ ilə Almaniyanın "Bavariya" kollektivləri arasında olub. Fransa komandası görüşdə 3:0 hesabı ilə rəqibini məğlub edərək qrupun vahid liderinə çevrilib. "Anderlext"- "Seltik" oyunu qonaqların səfərdə 3:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

"A" qrupundakı MOİK (Rusiya) ilə İngiltərənin "Mançester Yunayted" komandaları arasındakı görüşdə qonaqlar böyük hesabla (4:1) qalib gəliblər. İsveçrənin "Bazel" komandası "Benfika"dan 5:0 hesabı ilə üstün olub.

"D" qrupunda Portuqaliyanın "Sportinq" klubu İspaniyanın "Barselona" komandasına avtoqolla məğlub olub - 0:1. "Yuventus" (İtaliya) və Yunanıstanın "Olimpiakos" klubu arasında keçirilən oyun italyanların 2:0 hesablı qalibiyyəti ilə başa çatıb.

Xəbər 551 dəfə oxundu.