Ağacan Abiyev: Olimpiya təhsili insanların intellektual, mənəvi və fiziki keyfiyyətlərini idman vasitəsilə inkişaf etdirir
Müasir təhsil sistemində uşaq və gənclərin tərbiyəsində onların Olimpiya dəyərləri ilə tanışlığı xüsusi əhəmiyyət daşıyır. Adətən bunu “Olimpiya təhsili” kimi təqdim edirlər. Bəzən "Olimpiya ruhunda təhsil", "Təhsil olimpizm prinsiplərinə riayət ruhunda", "təhsil Olimpiya Hərəkatı ilə", "Olimpiya hərəkatı çərçivəsində təhsil", "Olimpiya idealları və dəyərləri ruhunda təhsil" ifadələri də işlənir. Olimpiya xartiyasında isə bu “Olympic education” kimi işlənir və Azərbaycan dilinə “Olimpiya təhsili” kimi tərcümə olunur.

Olimpiya təhsilinin nəzəri əsaslarında humanizm ideyaları və idealları vacib yer tutduğu üçün o xüsusi pedaqoji fəaliyyət kimi də uşaq və gənclərin tərbiyə olunmasında mühüm rol oynayır. 1961-ci ildə Olimpiya təhsilinin öyrənilməsi məqsədi ilə Beynəlxalq Olimpiya Komitəsinin nəzdində Beynəlxalq Olimpiya Akademiyası (BOA) yaradılmış, onun yaradılması təşəbbüsü akademiyanın fəaliyyətində təhsil planlarını ardıcıl həyata keçirmək, eləcə də, nəsildən-nəslə ötürülməsi imkanları yaratmaq məqsədi daşıyırdı. BOA-nın qəbul edilmiş qaydalarına görə o, olimpizmin mədəni mərkəzi olaraq olimpiya təhsili ilə bağlı məsələləri özünün keçirdiyi sessiyalarında və xüsusi iclaslarında müzakirə edir.

Bir neçə gündən sonra paytaxtımızda Avropa Olimpiya akademiyalarının növbəti konfransına toplaşacaq səlahiyyətli nümayəndələr Olimpiya hərəkatının öyrənilməsində mühüm əhəmiyyət kəsb edən olimpiya təhsili ilə bağlı önəmli məsələlərdən danışacaq, olimpizmin təbliği, olimpiya ideyalarının yayılması ilə bağlı müzakirələr aparacaqlar.

Milli Olimpiya Komitəsinin baş katibi, Milli Olimpiya Akademiyasının prezidenti, professor Ağacan Abiyev Bakıda 2015-ci ildə AOA-nın II konfransının yüksək səviyyədə təşkil edildiyini vurğuladı: “2015-ci ildə Bakıda keçirilən Avropa Olimpiya akademiyalarının ikinci beynəlxalq konfransı "İlk Avropa Oyunları Milli Olimpiya akademiyaları üçün yeni çağırışdır” mövzusuna həsr olunmuşdu. Konfransda müzakirələr zamanı tədbir iştirakçıları ölkəmizin ilk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi ilə bağlı müsbət fikirlər səsləndirdilər. Azərbaycan Milli Olimpiya Komitəsinin bədən tərbiyəsi və idman, Olimpiya Hərəkatının inkişafı yönündə həyata keçirdiyi tədbirlər xüsusilə vurğulandı, nümunəvi fəaliyyəti qeyd olundu. Təsadüfi deyil ki, Avropanın ilk Oyunlarının təşkili, məhz, Azərbaycana etibar edilmişdi. Bu mötəbər yarışların Olimpiya Oyunları səviyyəsində keçirilməsi Olimpiya ideallarına sadiqliyimizi bir daha sübut etdi. Ölkəmiz bu tarixi Oyunları yüksək səviyyədə təşkil etməklə Avropa Olimpiya hərəkatına əvəzsiz töhfələr verdi.
Bir neçə gündən sonra – oktyabrın ilk həftəsi qurumun seminar konfransı paytaxtımızda təşkil ediləcək. Bu tədbirin qitənin Olimpiya hərəkatının inkişafında önəmli rolu vardır.

Qeyd edim ki, Olimpiya təhsilinin öyrənilməsi, olimpiya prinsiplərinin və ruhunun yaşaması və daha da inkişaf edərək yayılması, Olimpiya Oyunlarının sosial və pedaqoji prinsiplərinin öyrənilməsi, o cümlədən olimpiya ideyalarının elmi cəhətdən möhkəmləndirilməsi ümdə vəzifələrdəndir. Olimpiya təhsili ümumi təhsilin elə bir hissəsidir ki, o insanların intellektual, mənəvi və fiziki keyfiyyətlərini idman vasitəsilə inkişaf etdirir. Lakin indiyə qədər Olimpiya təhsili ilə bağlı əhəmiyyətli məsələlər üzrə fərqli fikirlər səsləndirilir. Praktikada, həm də elmi işlərdə tez-tez onun məzmunu, məqsədləri, hədəfləri, forma və üsulları barədə söhbət açılır. Ən əhəmiyyətlisi də budur ki, terminoloji fərqlər özündə çox zaman tədris fəaliyyəti ilə müxtəlif anlayışları birləşdirir. Olimpiya xartiyasında da vurğulanır ki, milli olimpiya komitələri uşaq və gənclərin olimpiya təhsilinə xüsusi diqqət yetirməli, olimpizmin əsas prinsipləri fiziki tərbiyə və idman dərsliklərində yer almalıdır”.

A. Abiyev ölkəmizdə 1998-ci ildən Milli Olimpiya Komitəsinin himayəçiliyi ilə Milli Olimpiya Akademiyasının fəaliyyət göstərdiyini vurğuladı. “Ötən 20 il ərzində Olimpiya hərəkatının ideallarının, humanist dəyərlərin öyrənilməsi, təbliği, təşviqi, geniş yayılması, gələcək inkişafının təmin edilməsi, xalqlar arasında dostluq və sülhü möhkəmləndirmək naminə hər bir fərdin fiziki və mənəvi cəhətdən kamilləşməsi, təkmilləşməsi üçün Azərbaycan Milli Olimpiya Akademiyası tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Olimpiya ideallarının yayılması üçün Azərbaycan Milli Olimpiya Komitəsinin himayəçiliyi ilə paytaxt və regionlarda bədən tərbiyəsi və idman təşkilatları ilə qarşılıqlı fəaliyyətdə işləmək Azərbaycan Milli Olimpiya Akademiyasının qarşısında duran əsas vəzifələrdəndir. Ölkəmizdə Olimpiya hərəkatının öyrənilməsi və inkişaf etdirilməsi, Olimpiya hərəkatının tədqiqi və inkişafı, kütləvi bədən tərbiyəsi və idmanın inkişafı, əhali arasında sağlam həyat tərzinin təşviq edilməsi, digər ölkələrin milli Olimpiya akademiyaları ilə əlaqə qurmaq kimi məsələlər diqqət mərkəzindədir”, - deyə o əlavə etdi.

Leyla QURBANOVA

Xəbər 1053 dəfə oxundu.