"Qarabağ"–"Roma" görüşünü izləyəcək tamaşaçıların daşınmasını Bakı Nəqliyyat Agentliyi həyata keçirəcək
Sentyabrın 27-da futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ"–"Roma" görüşünü izləyəcək biletli tamaşaçıların daşınması Bakı Nəqliyyat Agentliyi tərəfindən ayrılan xüsusi ekspress xətt avtobusları vasitəsilə həyata keçiriləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

"Oyun günü Bakı Olimpiya Stadionunun ərazisinə şəxsi nəqliyyat vasitələrinin, eləcə də taksi minik avtomobillərinin girişi tam məhdudlaşdırılacaq. Bu səbəbdən də biletli tamaşaçılarımıza Bakı Olimpiya Stadionuna rahat və vaxtında gəlmək üçün metrodan və ya Bakı Nəqliyyat Agentliyinin ayırdığı ekspress xətt avtobuslarından istifadə etmək tövsiyə edilir. Əvvəlcədən müəyyən edilən plana uyğun olaraq, biletli tamaşaçılar saat 16:30-dan etibarən metronun "Qara Qarayev" stansiyasının qarşısından X1 Express xətti və metronun "Gənclik" stansiyasının qarşısından X2 Express xətti üzrə Bakı Olimpiya Stadionuna daşınacaq. Mərasim bitdikdən sonra tamaşaçılar ekspress xətt avtobuslarla fasiləsiz və təhlükəsiz şəraitdə operativ şəkildə əvvəlcədən müəyyən olunmuş nöqtələrə - metronun "Qara Qarayev" və "Gənclik" stansiyalarına geri daşınacaq", - deyə M.Ağayev bildirib.

Qeyd edək ki, biletli tamaşaçıların ekspress xətt avtobusları ilə Bakı Olimpiya Stadionuna, eləcə də əks istiqamətdə daşınması ödənişsiz həyata keçiriləcək.

Xəbər 563 dəfə oxundu.