Polşanın qadın voleybolçuları almaniyalı rəqiblərini məğlub ediblər
Sentyabrın 22-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin birinci günün sonuncu oyununda “A” qrupunda yer alan Almaniya və Polşa voleybolçuları qarşılaşıblar.

Oyunun qarşılıqlı hücumlar şəraitində keçən ilk seti Almaniya voleybolçularının 25:23 hesablı qələbəsi ilə başa çatıb. İkinci setdə Polşa voleybolçuları asan qələbə qazanıblar – 25:15. Oyunun üçüncü seti Almaniya yığmasının üstünlüyü ilə yekunlaşıb - 25:18. Bundan sonra oyunda dönüş yaradan polşalılar gərgin idman mübarizəsi şəraitində keçən dördüncü seti 25:23 hesablı qələbə ilə başa vura biliblər. Polşalılar tay-brekdə 15:5 hesabı ilə asan qələbə qazanaraq oyunun taleyini həll ediblər – 15:5.

Beləliklə, Polşa yığma komandası 3:2 hesabı ilə qalib gələrək Avropa çempionatının ilk oyununda qələbə qazanıblar.

Bu qrupun ilk oyununda Azərbaycan voleybolçuları Macarıstan yığmasını məğlubiyyətə uğradıblar – 3:0.

Xəbər 560 dəfə oxundu.