Hərbçilərin güləş üzrə dünya çempionatının üçüncü günü Azərbaycan bir medal qazanıb
Litvanın Klaypeda şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatının üçüncü günündə - sentyabrın 22-də Azərbaycanın bir idmançısı bürünc medal qazanıb.

Litva Beynəlxalq Universitetinin idman zalında keçirilən yarışda bu gün yunan-Roma güləşçilərimiz Sənan Əlimirzəyev (71 kq), Murad Məmmədov (59 kq) və Kərim Cəfərov (66 kq) xalça üzərinə çıxıblar.

Təmsilçimiz Murad Məmmədov 59 kiloqram çəki dərəcəsində ilk görüşdə ukraynalı Viktor Petriki 9:1 hesabı ilə məğlub edib.

ABŞ idmançısı İldar Hafizov üzərində 9:0 hesabı ilə qələbə qazanan Murad Məmmədov bürünc medala sahib olub.

Bununla da Azərbaycan komandası 7-ci medalını qazanıb.

71 kiloqram çəki dərəcəsində yarışda xalça üzərinə çıxan Sənan Əlimirzəyev ilk görüşdə Litva güləşçisi Sleiva Kristupasa 11:4 hesabı ilə qalib gəlsə də, digər görüşlərdə məğlub olub.

Kərim Cəfərov isə medal uğrunda mübarizəni dayandırıb.
Məşqlər zamanı zədələndiyinə görə isə Həsən Əliyev yarışlarda iştirak edə bilməyib.

Xəbər 760 dəfə oxundu.