Nazir Azad Rəhimov V Asiya oyunlarının açılış mərasimində iştirak edib
Sentyabrın 17-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində V Asiya oyunlarının açılış mərasimi keçirilib.

Açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov da iştirak edib. Səfəri çərçivəsində Azad Rəhimov bir sıra ölkələrin nümayəndə heyətlərinin üzvləri, o cümlədən, Türkiyənin gənclər və idman naziri, Belorusun idman və turizm naziri, Rusiya Federasiyası Tatarıstan Respublikasının gənclər və idman naziri və bir sıra beynəlxalq qurumların rəhbərləri ilə görüşlər keçirib.

Məlumat üçün əlavə edək ki, sentyabr 21-dən etibarən nazir Azad Rəhimovun Minskə səfəri başlayır. Səfərin əsas məqsədi Minsk 2019 II Avropa oyunları Koordinasiya Komissiyasının iclasında iştirak etmək və hazırlıq prosesi ilə yaxından tanış olmaqdır.

Kooordinasiya komissiyasının iclası çərçivəsində oyunların rəsmi proqramı, idman yarışlarının proqramı, atletlər kəndində görüləcək işlər, Milli Olimpiya Komitələri ilə işin qurulması, yayım, marketinq, könüllülük, nəqliyyat və digər mövzular müzakirə olunacaq.

Səfər çərçivəsində nazir, Minsk 2019 II Avropa oyunları Koordinasiya komissiyasının üzvü Azad Rəhimov yarışların keçiriləcəyi Minsk Arena, Gimnastika arenası, velosiped mərkəzi, badminton mərkəzi və digər, idman obyektlərinə də səfər edəcək.


Xəbər 566 dəfə oxundu.