Gənclər və idman naziri Minskdə II Avropa Oyunları Koordinasiya Komissiyasının iclasında iştirak edəcək
Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov “Minsk-2019” II Avropa Oyunları Koordinasiya Komissiyasının iclasında iştirak etmək və mötəbər yarışa hazırlıq prosesi ilə yaxından tanış olmaq üçün sentyabrın 21-də Belarusa səfərə yola düşəcək.

A.Rəhimovun da üzvü olduğu Koordinasiya Komissiyasının iclasında Oyunların rəsmi hissəsinin və idman yarışlarının proqramı, Atletlər Kəndində görüləcək işlər, Milli Olimpiya komitələri ilə işin qurulması, yayım, marketinq, könüllülük, nəqliyyat və digər məsələlər müzakirə ediləcək.

Səfər çərçivəsində nazir yarışların keçiriləcəyi Minsk Arena, Gimnastika arenası, velosiped və badminton mərkəzləri, eləcə də digər idman obyektlərində yaradılan şəraitlə tanış olacaq.

Xatırladaq ki, A.Rəhimov Türkmənistanın paytaxtı Aşqabadda keçirilən qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarının açılış mərasimində iştirakı çərçivəsində bir sıra ölkələrin nümayəndə heyətlərinin üzvləri, o cümlədən Türkiyə, Belarus və Rusiya Federasiyası Tatarıstan Respublikasından olan həmkarları, eləcə də bir sıra beynəlxalq qurumların rəhbərləri ilə görüşlər keçirib.

Xəbər 507 dəfə oxundu.