Fransisko Neqrin: “Aşqabad-2017”nin açılış mərasimində kütləvi xoreoqrafiya səhnələrindən geniş istifadə olunacaq
“Aşqabad-2017”nin açılış mərasimi Asiya Oyunları tarixində rəngarəngliyinə və təşkilinə görə digərlərindən fərqlənəcək. Mərasimin bədii hissəsi 1 saat davam edəcək. Sonra idmançıların paradı təşkil olunacaq. Davamında mərasim rəngarəngliyi ilə daha 2 saat tamaşaçıların zövqünü oxşayacaq.

Bu sözləri Aşqabadda keçirilən qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarının açılış mərasiminin kreativ direktoru Fransisko Neqrin jurnalistlərə müsahibəsində deyib
Bildirib ki, belə bir irimiqyaslı yarışın şousunu təşkil etmək çox məsuliyyətlidir. Şouya hazırlıq bir neçə mərhələdən ibarət olub. Mərasimə spesifik elementlər əlavə etsək də, kütləvi xoreoqrafiya səhnələrindən də geniş istifadə olunacaq.

Açılış mərasiminin “İdman Aşqabada gəlir” adlı hissəsi yaddaşlarda dərin iz buraxacaq. Çünki yaradıcı heyət arasında da bu hissə haqqında geniş müzakirələr aparılıb. Bu hissədə əvvəlcə döyüş növləri üzrə idmançılar, ardınca digər idman növlərini təmsil edən atletlər səhnəyə daxil olacaq. “Aşqabad-2017”nin proqramına daxil olan idman növləri üzrə hazırlanmış piktoqramlardan isə idmançılar uçaraq səhnəyə enəcəklər. Bütün bunlar “İdman Aşqabada gəlir” adlı hissə üçün hazırlanmış xüsusi musiqinin müşayiəti ilə olacaq”, -deyə Fransisko Neqrin əlavə edib.

Qeyd edək ki, “Aşqabad-2017”nin açılış mərasimi bu gün yerli vaxtla saat 20:17-də Aşqabad Olimpiya Stadionunda start götürəcək.

AZƏRTAC

Xəbər 480 dəfə oxundu.