Kompyuter oyunları üzrə gənclər arasında XI Azərbaycan milli çempionatının final mərhələsinə start verilib
Sentyabrın 15-də Gənclər və İdman Nazirliyinin maliyyə və təşkilati dəstəyi ilə Kompyuter Oyunları Milli Assosiasiyası tərəfindən kompyuter oyunları üzrə gənclər arasında XI Azərbaycan milli çempionatının final mərhələsinə start verilib.

Sentyabrın 17-dək davam edəcək çempionatda “Tekken 7” (1x1), “HearthStone” (1x1), “Counter Strike: Global Offensive” (5x5), “DOTA 2” (5x5) və “World of Tanks” (7x7) oyunları üzrə fərdi və komanda yarışları təşkil olunacaq.

XI milli çempionatın mükafatçıları cari il noyabrın 8-12-də Koreya Respublikasının Busan şəhərində keçiriləcək IX dünya çempionatında və noyabrın 3-5-də Rusiyanın Kazan şəhərində təşkil olunacaq TNA Çağırış Kubokunda iştirak hüququ qazanacaqlar.

XI milli çempionatın rayonlar üzrə seçim mərhələləri ötən ay başa çatıb. Final mərhələsinə Bakı, Ağdaş, Astara, Biləsuvar, Daşkəsən, Füzuli, Gəncə, Goranboy, İsmayıllı, Qax, Qusar, Laçın, Mingəçevir, Naftalan, Oğuz, Siyəzən, Sumqayıt, Şəki, Şirvan, Tovuz, Zaqatala, Zərdab şəhər və rayonlarını təmsil edən komandalar və fərdi iştirakçılar vəsiqə qazanıblar. Seçim mərhələsində ümumilikdə 2 min nəfərdən artıq kompyuter oyunları həvəskarı iştirak edib.

Kompyuter oyunları üzrə gənclər arasında XI Azərbaycan milli çempionatının final mərhələsinin oyunları “Park İnn” mehmanxanasının “Dan ulduzu” zalında keçiriləcək.

Xəbər 684 dəfə oxundu.