Bakı yeniyetmələr arasında Olimpiya Oyunlarının təsnifat yarışlarına ev sahibliyi edəcək
Gələn il Azərbaycan Gimnastika Federasiyası (AGF) bir sıra mühüm beynəlxalq yarışlara ev sahibliyi edəcək. Dünya Kubokunun mərhələ yarışları ilə yanaşı, gələn ilin oktyabrında Buenos-Ayresdə baş tutacaq yeniyetmələr arasında Olimpiya Oyunlarının idman gimnastikası üzrə təsnifat yarışları ilk dəfə Bakıda keçiriləcək.

Bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

İyunun 22-dən 23-dək Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastları arasında ən güclülər müəyyənləşəcək.

Həmçinin gələn il aprelin 12-15-də Bakıda batut, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatı da təşkil ediləcək. Bu çempionat çərçivəsində keçiriləcək təsnifat xarakterli yarışlarda isə Buenos-Ayresə yollanacaq yeniyetmə batutçuların və 2019-cu ildə təşkil olunacaq II Avropa Oyunlarına vəsiqə qazanacaq böyük batutçuların adları məlum olacaq.

Xəbər 578 dəfə oxundu.