Paris və Los-Anceles müvafiq olaraq 2024 və 2028-ci illərin Olimpiya Oyunlarına ev sahibliyi edəcək
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Limada keçirilən 131-ci sessiyasında Paris və Los-Anceles şəhərləri müvafiq olaraq 2024 və 2028-ci illərdə Yay Olimpiya Oyunlarının təşkilatçıları kimi təsdiqlənib.

Səsvermə formal və alternativ seçim olmadan keçirilib. Qərar əvvəlcədən qəbul edilib və yekdilliklə təsdiqlənib.

2024-cü il Olimpiya Oyunlarının keçirilməsinə beş şəhər iddialı olsa da, sonda ərizələri yalnız Paris və Los-Ancelesin müvafiq komitələri təqdim edib. Hamburq, Budapeşt və Roma yarışların keçirilməsinin yüksək qiyməti və əhalinin dəstək göstərməməsi səbəbindən geri çəkiliblər.

Olimpiadanı keçirəcək şəhərlərin eyni vaxtda seçilməsi barədə qərar keçən il yayda BOK-un növbədənkənar sessiyasında qəbul edilib və bu, komitənin olimpiya hərəkatının inkişaf strategiyasına cavab verən iki namizədin heç birini itirməmək istəyi ilə bağlıdır. Paris və Los-Ancelesin müvafiq komitələri bu təkliflə razılaşıblar.

Hər iki şəhər Olimpiya Oyunlarını artıq üçüncü dəfə keçirəcək. Paris Olimpiya Oyunlarına 1900 və 1924-cü illərdə, Los-Anceles isə 1932 və 1984-cü illərdə ev sahibliyi edib.

Olimpiya hərəkatı tarixində ilk dəfə deyil ki, eyni vaxtda iki şəhər təsdiqlənir. Belə ki, ötən əsrin 70-ci illərinin sonunda Oyunlar eyni sessiyada Moskva (1980) və Los-Anceles (1984) arasında bölüşdürülüb.

Xəbər 502 dəfə oxundu.