Qubada kikboksinq yarışlarının qalibləri müəyyənləşib
Quba Olimpiya İdman Kompleksində keçirilən kikboksinq üzrə kubok yarışlarının qalibləri müəyyənləşib.

Turnirdə Bakı, Quba, Qusar, Xaçmaz, və Siyəzəni təmsil edən 8 komanda qüvvəsini sınayıb. Medallar uğrunda ümumilikdə 200-ə yaxın uşaq, yeniyetmə və gənc idmançı mübarizə aparıb.

Beş yaş qrupu üzrə keçirilən turnirdə daha yaxşı nəticə göstərən Quba kikboksçuları komanda hesabında birinci olublar. Paytaxt təmsilçiləri ikinci, xaçmazlı kikboksçular isə üçüncü yeri tutublar.

Turnirin sonunda ilk üç yeri tutan komandalar kubok, qalib idmançılar isə medal və diplomlar ilə təltif olunub.

Xəbər 1484 dəfə oxundu.