Azərbaycan Respublikası Atçılıq Federasiyası arena polo üzrə dünya kuboku yarışına ciddi hazırlaşıb
Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) və “World Polo” MMC-nin təşkilatçılığı ilə Bakıda təşkil olunacaq arena polo üzrə dünya kuboku yarışı ilə əlaqədar sentyabrın 7-də mətbuat konfransı keçirilib.

Tədbirdə Dünya Polo Federasiyasının prezidenti Reto Qaudenzi polonun vətəni sayılan Azərbaycanın növbəti dəfə mötəbər yarışa ev sahibliyi etməsindən məmnunluğunu bildirib.

ARAF-ın baş katibi Bəhruz Nəbiyev bu yarışın Azərbaycanın ev sahibliyi etdiyi beşinci polo turniri olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan dünyada polonun vətəni kimi tanınır. Son illər Azərbaycanın paytaxtında bir neçə polo turniri uğurla təşkil olunub. Bakıda polo üzrə dünya kuboku yarışları keçirilib. Ötən il Azərbaycan arena polo üzrə birinci Avropa çempionatına ev sahibliyi etdi.

Baş katib vurğulayıb ki, sentyabrın 8-də start götürəcək bu mötəbər yarışda Azərbaycanı “Elite Horse And Polo Club” komandası təmsil edəcək. Dünya kubokunda, həmçinin ABŞ-ın “Grand Champions Polo Club”, İsveçrənin “Evviva Polo Club” və Monakonun “Monte Carlo Polo Team” kimi beynəlxalq polo klublarını təmsil edən güclü komandalar mübarizə aparacaqlar. Turnirə sentyabrın 10-da yekun vurulacaq.

Federasiyanın bu turnirin yüksək səviyyədə keçirilməsi üçün ciddi hazırlaşdığını qeyd edən B.Nəbiyev yarışın ölkəmizdə təşkilinə verdikləri dəstəyə görə aidiyyəti qurumlara minnətdarlığını bildirib.

Sonra yarışda iştirak edəcək komandalar iştirakçılara təqdim olunub.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

Xəbər 1307 dəfə oxundu.