Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Dünya Kubokunun ikinci dövrəsindədirlər
Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Tbilisidə keçirilən şahmat üzrə Dünya Kuboku turnirinin iki oyun günündən sonra ikinci dövrəyə çıxıblar.

Şəhriyar Məmmədyarov 1,5:0,5 hesabı ilə Çin təmsilçisi Li Quancuya qalib gəlib, Teymur Rəcəbov eyni hesabla Farer adalarının təmsilçisi Helqa Ziskunu məğlubiyyətə uğradıb.

FIDE-nin Dünya Kubokunun startına 128 şahmatçı çıxıb. Rəqiblər final dövrəsindən başqa hər bir dövrədə iki klassik partiya oynayırlar. Hesab bərabər olsa, tay-breyk oynanılacaq: hər biri 25 dəqiqə +10 saniyə çəkən iki partiya rapid; daha sonra lazım gələrsə, hər biri 10 dəqiqə +10 saniyə çəkən iki partiya rapid, iki sürətli partiya və “armageddon”. Finalda isə dörd klassik partiya oynanılacaq. Birinci dövrə sentyabrın 3-5-də, ikinci dövrə 6-8-də, üçüncü dövrə 9-11-də, dördüncü dövrə 12-14-də, beşinci dövrə 15-17-də, altıncı dövrə 19-21-də, final olan yeddinci dövrə 23-27-də keçiriləcək.

Xəbər 985 dəfə oxundu.