Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində böyük hesablı qələbə qazanıb
Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də Azərbaycan millisi San-Marino yığmasını böyük hesabla məğıub edib.

"Bakcell Arena"da keçirilən oyuna millimiz daha fəal başlayıb. Görüşün 20-ci dəqiqəsində yığmamız istəyinə nail olub. Belə ki, Əfran İsmayılov hesabı açıb. Görüşün 25-ci dəqiqəsində Araz Abdullayev hesabda millimizi önə çıxarıb. Birinci hissənin sonundək futbolçularımız rəqib qapısı qarşısında təhlükəli məqamlar yaratsa da, top çərçivədən keçməyib. Qarşılaşmanın birinci hissəsi futbolçularımızın 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

Matçın ikinci hissəsi də yığmamızın üstünlüyü şəraitində keçib. Oyunun 57-ci dəqiqəsində Əfran İsmayılov dubl edib. Qarşılaşmanın 71-ci dəqiqəsində avtoqol qeydə alınıb. Belə ki, San-Marino millisinin futbolçusu Miçel Cevoni topu öz qapısına vurub. Üç dəqiqə sonra san-marinolu futbolçu Mirko Palazzi hesab arasındakı fərqi azaldıb. On dəqiqə sonra millimizin kapitanı Rəşad Sadıqov rəqib qapısına təyin olunmuş cərimə zərbəsini dəqiq yerinə yetirərək fərqlənib. Görüşün qalan dəqiqələrində komandaların səylərinə baxmayaraq tablodakı rəqəmlər dəyişməyib.

Beləliklə, Azərbaycan millisi San-Marino yığmasını 5:1 hesabı ilə məğlub edib.

San-Marino ilə oyun Azərbaycan millisində debütlərlə əlamətdar olub. Start heyətində yer alan Təmkin Xəlilzadə ilk dəfə millinin formasını geyinib. "Zirə"nin gənc futbolçusu yığmamızın tarixinə 222-ci futbolçu kimi düşüb. Belə ki, bunadək 231 rəsmi matç keçirən millimizin oyunlarında 221 futbolçumuz meydana çıxmışdı. İkinci hissədə meydana çıxan Renat Dadaşov da ilk dəfə millinin formasını geyinib. Almaniyanın "Ayntraxt" klubunun gənc futbolçusu yığmamızın tarixinə 223-cü futbolçu kimi düşüb.

Azərbaycan millisi tarixində ilk dəfə 5 qol vurub. Bunadək bir oyunda 4-dən çox top vurmayan komandamız tarixinin ən yüksək məhsuldarlığını göstərib.

Qeyd edək ki, millimizin yer aldığı "C" qrupunda Almaniya 21 xalla vahid liderdir. Şimali İrlandiya 16 xalla ikinci, Azərbaycan 10 xalla üçüncü, Çexiya 9 xalla dördüncü, Norveç 7 xalla beşinci, hesabında xal olmayan San-Marino isə sonuncu pillədə qərarlaşıb.

Xəbər 551 dəfə oxundu.