Aprel şəhidi Ravil Novruzovun xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb
Xızıda aprel şəhidi Ravil Novruzovun xatirəsinə həsr olunmuş cüdo üzrə açıq rayon birinciliyinin qalibləri mükafatlandırılıb.

Yarış iştirakçıları əvvəlcə şəhidin məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Birinciliyin açılış mərasimində çıxış edənlər Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində cəbhə bölgəsində gedən döyüşlərdə şəhid olan gizir Novruzov Ravil Elman oğlunun döyüş yoluna nəzər salıblar. Ravilin vətənpərvər övlad olmasından, doğma vətəni Azərbaycana sevgisindən danışılıb. Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin giziri Ravil Novruzov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medala layiq görülüb.

Artıq ikinci ildir şəhidin doğum günü ərəfəsində keçirilən turnirə Xızı ilə yanaşı, Sumqayıt, Xaçmaz və Qusar cüdoçuları da qatılıblar. Ümumilikdə 100 idmançı 9 çəki dərəcəsində medallar uğrunda mübarizə aparıb.

Yarışda komanda hesabında Sumqayıt cüdoçuları hamıdan çox medal qazanaraq birinci olub. Qusarlı idmançılar ikinci, Xızı komandası isə üçüncü yerə layiq görülüb. Qalib idmançılar medallar və diplomlarla mükafatlandırılıb.

Xəbər 573 dəfə oxundu.