Norveç millisinin baş məşqçisi Lars Laqerbek: Azərbaycan ilə oyunda müdafiəyə diqqət ayırmışıq
Norveç millisinin heyətində kiçik zədəli futbolçular var. Ümid edirəm ki, zədəli futbolçuların olması oyunumuza təsir göstərməyəcək.

Bu sözləri futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisini qəbul edəcək Norveç yığmasının baş məşqçisi Lars Laqerbek avqustun 31-də təşkil olunan mətbuat konfransında deyib.

Baş məşqçi vurğulayıb ki, Azərbaycan ilə Bakıda keçirilən matçda rəqib komanda gözəl oyun nümayiş etdirdi və nəticədə qalib gəldi. Sabah keçiriləcək oyuna ciddi hazırlaşmışıq. Son oyunda müdafiədə yaxşı təsir bağışladıq. Hücum etməyə də çalışacağıq. Azərbaycan millisi çox yaxşı komandadır. Bu səbəbdən maraqlı futbol alınacağına ümidvaram.

“Azərbaycan ilə oyunda müdafiəyə diqqət ayırmışıq. Çünki son 2 oyunda problemlər var idi. Azərbaycan millisi də müdafiədə ciddi təsir bağışlayır. Hələ hansı oyun üslubuna üstünlük verəcəyimizi söyləyə bilmərəm”, – deyə Lars Laqerbek əlavə edib.

“Hansı cinah oyunçularından yararlanmaq niyyətindəsiniz?” sualına baş məşqçi belə cavab verib: “Ardıcıl 2 oyun keçirəcəyik. Hər 2 qarşılaşmada hamısından tam yararlanmaq lazımdır. İlk matçda hücumda yaradıcı oyun sərgiləyənlərdən istifadə etmişik, ikincidə isə müdafiəyə kömək edənlərdən istifadə edəcəyik”.

Qeyd edək ki, Norveç-Azərbaycan oyunu sentyabrın 1-də Oslodakı “Ullevaal” stadionunda keçiriləcək.

AZƏRTAC

Xəbər 697 dəfə oxundu.