Karateçilərimiz Türkiyədə 21 medal qazanıblar
Karate üzrə Azərbaycan milli komandasının üzvləri Türkiyənin Ərzurum şəhərində keçirilən 14-cü Beynəlxalq Palandökən turnirini 6-sı qızıl, 5-i gümüş, 10-u isə bürünc olmaqla 21 medalla başa vurublar.

14-15 yaşlı yeniyetmələrdən Fərid Ağayev (-52 kq), kişilərdən Ayxan Mamayev (-84 kq), Asiman Qurbanlı (+84 kq) və Fəridə Əliyeva (+65 kq), eləcə də kumite yarışlarında A.Mamayev, A.Qurbanlı, Şahin Atamov, Əli Cəfərov, Niyazi Əliyev və Rafiz Həsənovdan ibarət heyət, katada isə Rövşən Əliyev, Tual Balcanlı və İsmayıl Quliyevin ibarət kollektiv komanda yarışlarında çempion olublar.

Gümüş medalı millimizin aktivinə 14-15 yaşlı yeniyetmələrdən Osman Osmanlı (+70 kq), 16-17 yaşlı gənclərdən Ceyhun İsmayılov (kata), İsmayıl Quliyev (-60 kq), Rövşən Əliyev (kata), qadınlardan isə Asya Məlikova (-50 kq) yazdırıb.

Bürünc mükafata isə 14-15 yaşlı yeniyetmələrdən Hüseyn Məmmədli (-57 kq), Elçin Quliyev (57 kq), Rəvan Bağırov (-63 kq), Hüseyn Hüseynzadə (-70 kq), 16-17 yaşlılarda Fidan Teymurova (-48 kq), Mədinə Sadıqova və İnci Əzizova (hər ikisi -53 kq), Tural Balcanlı (kata), Aysel Babayeva (-53 kq), həmçinin komanda yarışlarında Samir İbrahimov, Turqut Həsənov, Novruz Əliyev, Ceyhun Mustafayev və Tural Ələkbərli layiq görülüblər.

Qeyd edək ki, 24 ölkədən 500-dək idmançının iştirak etdiyi ənənəvi yarışda ümumi hesabda Azərbaycan karateçiləri ikinci yeri tutublar. Milli komandanın üzvlərindən başqa, Bakının, Sumqayıt, Gəncə və Naxçıvanın klublarını təmsil edən müxtəlif yaş qrupları üzrə idmançılar da medallar qazanıblar.

Xəbər 791 dəfə oxundu.