Köhnəlmiş mexanizmlərdən qurtulmalı
Çempionat "Neftçi" şoku ilə başlandı

Ölkənin milli klub futbolunun düz 290 gün sürəcək mövsümü avqustun 11-də keçirilən çempionat oyunları ilə başlanıb. Dekabrın 15-dən fevralın 10-dək - 56 gün davam edəcək qış fasiləsi də nəzərə alınmaqla, bu müddət ərzində çempion və mükafatçılarla yanaşı, ölkə kubokunun sahibi də müəyyən olunacaq.
Nə qədər çalışılsa da, klub futbolunun siması sayılan Premyer liqada cəmi 8 komandanın 4 dövrədə mübarizəsindən başqa bir şey düşünülmədi. Əsas məsələ lisenziyalaşdırmanın tələbi olan maliyyə təminatıdır. Bu şəraitdə futbolumuz milli statuslu çempionatdan çox AFFA-nın daxili turnirinə çevrilməkdədir. Böhranın səbəbləri arasında elitada Abşeron qeydiyyatlı klubların sayının həddən artıq çox olması da az rol oynamır. Regionların futboldan kənar qalması prosesi yenə sürətlənib. Hələ birinci divizionda da kimlərin mübarizə apara biləcəyi bilinmir. Bu məsələdə obyektiv və subyektiv yanaşmaları bir kənara qoysaq, ən vacib məsələ AFFA-nın yerlərdə təşviqat-təbliğat işinin zəif olmasıdır. Vaxtilə effektsizliyi dərhal üzə çıxan festivallarla kütləviliyə nail olmağı planlayan assosiasiya tezliklə daha ciddi addımların atılmasının vacibliyini anlasa da, bu istiqamətdə ciddi heç nə müşahidə olunmadı və ənənə davam edir. İllik hesabatlarda quruma üzv olan federasiyalara ayrılan məbləğlər və s. rəqəmlər təqdim edilir. Lakin effektivliyə nail olmaq üçün görülən işlər bu hesabatlarda yer almır. Hətta bir ara məktəblərə üz tutan təşkilat indi bu fikrindən də daşınmışa bənzəyir. Bir sözlə, AFFA cari məsələlərdən kənara çıxmayan bir təşkilata çevrilməkdədir. Elə vaxtilə bu məsələlər ətrafında təkliflərə, təşəbbüslərə çağırışlarımızın məğzində də bugünkü vəziyyət dayanırdı.

Bununla belə Gəncə və Qəbələ təmsilçilərinin, eləcə də Bakıda məskunlaşmış Ağdam təmsilçisinin iştirakı ilə Abşeron komandalarının (onlardan cəmi 1-i Sumqayıtı təmsil edir) yarışında artıq ilk tur oynanılıb.

Bu mövsümdən yarışın təşkialtçısı olan Peşəkar Futbol Liqası bütün yarışlarında komandaların qarşılaşmalarda, əvvəlki kimi, 18 deyil, 23 futbolçunun xidmətindən istifadə etməsinə icazə verib. Deməli, klublar ehtiyat oyunçular skamyasında 12 futbolçu saxlamaq və onların hər birinin xidmətindən istifadə etmək səlahiyyətinə sahib olublar.

Yeni mövsümdə çempionatlar tarixinə daha bir elitar komandanın - "Səbail"in adı yazılacaq. Ümumiyyətlə, PFL-in məlumatına görə, indiyədək 25 çempionatda 58 komanda çıxış edib. 1-ci turda "Səbail" məğlub olsa da, ilk tarixi qoluna sevinib. Regionlardan söz düşmüşkən, elə bu klubun özünü də AFFA futbol infrastrukturu kafi olan regionlardan birinin şərəfini qorumağa təşviq edə bilərdi.

İlk matçında "Səbail" pis təsir bağışlamadı. Hər halda, komanda "Zirə" ilə oyunda bəzi hallarda bərabər futbol nümayiş etdirə bildi. Məncə, bir qədər özünə güvənsəydi, ölkənin Avrokubok təmisilçisini üstələyə bilərdi. Çünki təşkilatçılıqda ondan geri qalmırdı. Ona görə də bunu debüt matçının sindromu ilə əlaqələndirək və sonrasını gözləyək. Hələləik bu tərzlə onun 8-komandalıq yarışda hansı klubla rəqabət apara biləcəyi aydın deyil. Digər rəqiblərin hazırlığı da bunu əyani göstərəcək. İstənilən halda "Səbail" oyunlara autsayder libasında çıxmamalıdır. Elə həmin "Zirə" Avrokubok oyunlarında göründüyündən də zəif çıxış etdi. Görünür, mövsümün başlanğıcı və naməlum rəqiblə oyuna ehtiyatlı çıxmışdı.

"Kəpəz"lə "Sumqayıt"ın ilk turdakı oyunu bu komandaların nə qədər iddialı ola biləcəyi baxımından əhəmiyyət kəsb edirdi. Deyim ki, ötən mövsümlə müqayisədə, hələ ki, oyun planında ciddi irəliləyiş sezilmir.

"İnter" üçün mövsümün ağır keçəcəyi aydındır. Adının dəyişdirilməsi ilə bağlı piar aksiyası aparılan klubun transferlərdən məhrum edilməsi sözünü deyir. Avrokuboklardan sonra heyəti tərk edən futbolçuların yeri görünsə belə, bu vəziyyətində də o, "Qəbələ" kimi rəqiblə oyunda çox zəif görünmədi. Bu qarşılaşmada "İnter"dən çox "Qəbələ"yə suallar ünvanlana bilər.
"Qəbələ" haqqında Avrokubok icmallarımızda söz açdığımızdan ondan hələlik çox bəhs etməyin mənası yoxdur.

Birinci turun ən vacib oyunu, istər tarixi aspektdən, istər indiki vəziyyətdə "Neftçi" ilə "Qarabağ"ın dueli idi. Matçda "Qarabağ" haqqında çox söz demək olmayacaq: necə deyərlər, yarımayaqla rəqibinə qalib gəldi və Çempionlar Liqası ərəfəsində əla məşq keçdi.

"Neftçi"nin niyə bu hala düşməsi çox maraqlıdır. Komanda nə özünə gələ bilir, nə də onun ipini yığmaq istəyən tapılır. Hələ ötən qışda komandada oyunçu yeniliklərinə əl atılanda, məşqçilərin bununla ayaqlaşa bilməsi üçün çox zəhmət çəkməli olacaqlarını yazmışdıq. Çünki "Neftçi"nin yenidən köhnə axara qaytarılması futbolumuzda köhnə hamam, köhnə tas prinsipinə qayıtmaq kimi bumeranq effektini verəcək. Komanda indiki halında elə bil yay mövsümündə heç məşq etməyib. Hansısa oyun komponenti deyil, tam dağınıq bir mənəzərə içində qeydə alınan nəticəni bəxtə bağlamaq olar. Çünki "Qarabağ" məsul Çempionlar Liqası matçı ərəfəsi elə böyük səylə oynamadı. İstədiyi nəticəni əldə edib top məzəsinə keçdi. Hətta bu vəziyyətdə belə "Neftçi" nə əvəzetmələr, nə də taktiki dəyişilkiklə oyunun gedişində dəyişiklik edə bilmədi. Komandaya ya ciddi yenidənqurma, ya da ənənəvi Azərbaycansayağı futbol təfəkkürü lazım olacaq. Hələliksə, "Neftçi" ötənilkindən çox uzağa getmək üçün ciddi addımlar atan kluba bənzəmir. İstənilən halda, bir oyunluq iflası komandanın start həyəcanı şoku ilə əlaqələndirib, gələcək turlarda daha əyani qiymət imkanını gözləyək.

Göründüyü kimi klublarımız yenə Azərbaycansayağı futbol qınında qovrularaq, istər transferlər, istər skautçuluq, istərsə məşqçilik, istərsə də təşkilatçılıqda çürümüş standartlardan, tətbiqi mexanizmlərdən, üsul və metodlardan kənara çıxmaq niyyətində deyillər. Demək, köhnəliklərdən silkinib qurtulmaq üçün çıxış yolu başqa üsullardadır. Üstəlik, klubların, əsasən, AFFA-nın nəzarəti altında olduğu bir şəraitdə artıq böyük dəyişilkliklərə başlamaq olar.

Xəbər 1128 dəfə oxundu.