Azərbaycan boksçularının dünya çempionatında rəqibləri məlum olub
Almaniyanın Hamburq şəhərində keçiriləcək boks üzrə dünya çempionatının püşkü atılıb. Yetmiş beş ölkədən 243 idmançının qatılacağı mundialda Azərbaycan yığmasının üzvlərinin də ilk rəqibləri məlum olub.

Millimizin heyətində 1 boksçu 1/16, digərləri 1/8 finaldan yarışa qoşulacaqlar.

Avqustun 26-da dünya çempionumuz Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) 1/16 final mərhələsi çərçivəsində hindistanlı Kumar Satiş ilə qarşılaşacaq. Bir gün sonra

1/8 finaldan mübarizəyə qoşulacaq Lorenzo Sotomayor (64 kq) Eslam Muhamed (Misir)-Nurlan Kobaşev (Qırğızıstan), Kamran Şahsuvarlı (75 kq) isə Maks Van der Pas (Hollandiya)-Lester Martines (Qvatemala) cütünün qalibi ilə üz-üzə gələcəklər. Avqustun 28-də Pərviz Bağırov (69 kq) 1/8 final mərhələsi çərçivəsində Damian Kivior (Polşa)-Tuvşinbat Byamba (Monqolustan) cütünün qalibi ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, yarışda avqustun 25-28-də ilkin döyüşlər baş tutacaq. Hamburq İdman Sarayında təşkil olunacaq çempionatda avqustun 29-da 1/4 final mərhələsinin görüşləri keçiriləcək. Ardınca 1 gün istirahət edəcək boksçular yarımfinal qarşılaşmalarına çıxacaqlar. Bu görüşlər avqustun 31-nə və sentyabrın 1-nə təsadüf edəcək. Yarışın son günündə – sentyabrın 2-də isə qaliblərin adları bilinəcək.

Xəbər 637 dəfə oxundu.