Universiada: Azərbaycan taekvandoçuları Radik İsayev və Səid Quliyev bürünc medal qazanıblar
Azərbaycan taekvandoçuları Radik İsayev (87 kq-dan yuxarı) və Səid Quliyev (74 kq) Taypeydə keçirilən iyirmi doqquzuncu Ümumdünya Yay Universiadasının bürünc medalını qazanıblar.

Avqustun 24-də keçirilən Universiadanın taekvando yarışlarının üçüncü günü yığmamız daha iki medala sahib olub.

Dayanq üzərinə çıxan Olimpiya reytinq cədvəlinin ilk pilləsində qərarlaşan Radik İsayev əvvəlcə iranlı Farşad Qiası Şandini 12:11, ardınca Türkiyə təmsilçisi Sabit Buqrahan Karakası 25:6 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. Finala yüksəlmək uğrunda mübarizədə idmançımızın rusiyalı Rafail Aukaevlə yarımfinal görüşü isə rəqibin üstünlüyü ilə başa çatıb. Beləliklə, Radik yarışı bürünc medalla başa vuraraq Universiadada fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Gənclər arasında dünya çempionatının mükafatçısı Səid Quliyev isə Çili təmsilçisi Bastian Felipe Munoz Qarrido ilə ilk döyüşündən qalib ayrılıb - 29:11. İkinci görüşündə meksikalı Hektor Federiko Alvarezi qızıl xalla mübarizədən kənarlaşdıran perspektivli taekvandoçumuz daha sonra portuqaliyalı Yulio Ferreira ilə qarşılaşmanı 8:6 hesabı ilə üstün başa vuraraq yarımfinal mərhələsinə adlayıb. Finala çıxmaq uğrunda mübarizədə güclü İran idmançısı Ramin Zadeh Hosseinquli ilə döyüşdə zədələnən təmsilçimiz Universiadanın bürünc medalı ilə kifayətlənib.

Beləliklə, yarışda uğurla çıxış edən Azərbaycan taekvandoçuları komandamızın hesabına daha iki bürünc medal əlavə edərək onların sayını dördə çatdırıblar.

Xatırladaq ki, əvvəlki yarış günlərində taekvandoçularımızdan Milad Beigi Hərçəqani (80 kq) qızıl, Ayxan Tağızadə (68 kq) isə gümüş medal əldə edib.

Qeyd edək ki, Universiadanın taekvando yarışları “G2” kateqoriyalı olduğu üçün birinci, ikinci və üçüncü yeri tutan idmançılar 20, 12 və 7,2 reytinq xallarına sahib olurlar.

Xəbər 1288 dəfə oxundu.