“Qəbələ”nin U-13 komandası Koreya Respublikasında beynəlxalq turnirdə iştirak edəcək
“Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandası Koreya Respublikasında keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

Asiya qitəsinə yollanan komandamız İnçxon şəhərində təşkil ediləcək yarışda qüvvəsini sınayacaq. İyirmi altı iştirakçı birinci mərhələdə 5 qrupda mübarizə aparacaq. Dörd qrupun hərəsində 5, birində 6 komanda çıxış edəcək. “E” qrupunda yer alan “Qəbələ” yerli “Qyeongiu Selekt”, Yaponiyanın “Nara”, Slovakiyanın “Nitra”, Fransanın “Versal” və Vyetnamın “Hue” klubları ilə qarşılaşacaq. Bu mərhələnin oyunları avqustun 27-29-da baş tutacaq.

“Qırmızı-qaralar” avqustun 31-dək davam edəcək səfərə 18 futbolçu ilə yollanıb. Heyətdə Okan Təhməzli, Sənan Kərimov, Eşqin Əhmədov, Elmir Hüseynli, Elvin Qarayev, Mirimran Musayev, Murad Musayev, Şahin Şahniyarov, Ömər Qurbanov, Zəfər Bayramov, Samir Ağayev, Məmməd Muradov, İlkin Rəcəbli, Məhəmməd Fəhlulov, Sadiq Şəfiyev, Hüseynağa Səlimov, Rüfət Bədəlzadə və Murad Ələkbərov yer alıblar.

Xəbər 1072 dəfə oxundu.