“Qəbələ” klubu “Dinamo” komandasını 3:2 hesabı ilə məğlub edib
“Qəbələ” və “Dinamo” (Tbilisi) klublarının aşağı yaş qruplarından olan komandalar arasında ilk matçlar keçirilib.

“Qırmızı-qaralar”ın U-13 və U-15 komandaları Qəbələdə səfərdə olan qonşu ölkədən gələn həmyaşıdları ilə görüşüb. On üç yaşadək futbolçuların oyununda məhsuldar nəticə qeydə alınıb. 3:2 hesabı ilə qalib gələn “Qəbələ”nin heyətində Elmir Hüseynli, Murad Ələkbərov və Eşqin Əhmədov fərqləniblər. U-15 komandalarının matçında isə bir qol vurulub. Bu qarşılaşmada qonaqlar üstün olublar. İki gündən sonra U-13 və U-15 komandaları yenidən üz-üzə gələcəklər.

Xatırladaq ki, iki klub arasında razılığa əsasən, “Dinamo”nun iki yaş qrupu üzrə təmsilçiləri Qəbələdə hazırlıq keçib, yoxlama oyunlarında qüvvələrini sınayacaqlar. Bir neçə aydan sonra isə “qırmızı-qaralar”ın digər iki yaş qrupu üzrə komandaları Tbilisiyə səfər edəcək.

Xəbər 688 dəfə oxundu.