Roman Qriqorçuk: Komandamız yalnız qələbəyə köklənib
“Panatinaikos” ilə oyunda qalib gəlib, mərhələ adlamaq barədə düşünürük. İstənilən qələbə Azərbaycan futbolunun nüfuzunu qaldırır, reytinqə əlavə xallar gətirir ki, bunlar da bizim üçün əlavə motivasiyadır.

Bu fikirləri futbol üzrə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda Bakıda “Panatinaikos” (Yunanıstan) klubunu qəbul edəcək “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk səsləndirib.

Baş məşqçi deyib ki, “Panatinaikos” güclü komandadır. Rəqibin bir neçə sürətli futbolçusu var: “Biz sürətdə onlardan heç də geri qalmırıq. Sadəcə, bizə istədiyimiz oyunu göstərmək lazımdır. Bunu bacarsaq, müsbət nəticə qazanmaq şansımız artacaq. Sürət futbolda çox böyük və həlledici əhəmiyyət kəsb edir. Rəqiblə aramızda isə sürət baxımından böyük fərq yoxdur”.

R.Qriqorçuk komandanın qələbəyə kökləndiyini və mərhələ adlamaq üçün sonadək mübarizə aparacaqlarını bildirib: “Əminəm ki, üslubumuza daha yaxın oynaya biləcəyik. Bu isə bizə müsbət nəticə qazanmağa kömək edəcək. Rəqibi çox yaxşı tanıyırıq. Biz öz üslubumuzda oynasaq, rəqib güclü tərəflərini çətinliklə istifadə edə biləcək. Heyətdə zədəli futbolçu yoxdur. Hər iki komandanın heyəti yenidir. İlk görüşdə uduzsaq da, şansımız var. Futbolçularla da danışmışıq. Sadəcə verilən tapşırıqları meydanda yerinə yetirmək lazımdır. Bizim üçün qələbə qazanmaq və mərhələ adlamaq vacibdir”.

“Biz nəticə qazanmaq üçün hər şeyə hazırıq. Penaltilər seriyasına da hazırlaşmışıq. İlk görüşdən sonrakı nəzəri məşğələlərdə üç qol vurmaq barədə danışmışıq. Meydana çıxıb 3 qol vurmalıyıq”, - deyə ukraynalı mütəxəssis qeyd edib.

Xəbər 595 dəfə oxundu.