Qadın voleybolçular arasında Avropa çempionatı üçün jurnalistlərin akkreditasiyası başlayıb
Sentyabrın 22-dən oktyabrın 1-dək Azərbaycanda keçiriləcək qadın voleybol komandaları arasında Avropa çempionatı üçün media nümayəndələrinin akkreditasiyası avqustun 1–dən start götürüb.

Akkreditasiyadan keçmək istəyən media nümayəndələri http://eurovolleywomen2017.com/en/media linkinə daxil olaraq anketi doldura bilərlər. Akkreditasiya üçün son tarix avqustun 31-dir. Bu tarixdən sonra göndəriləcək anketlərə baxılmayacaq.

Tbilisidə keçiriləcək matçlarda iştirak edəcək jurnalistlər Tbilisi Yeni İdman Sarayından, Göygöldə olacaq jurnalistlər Göygöl Olimpiya İdman Kompleksindən, Bakıda olacaq media nümayəndələri isə Milli Gimnastika Arenasından kartlarını əldə edə biləcəklər. Qeydiyyatdan keçən şəxslərə akkreditasiya kartları sentyabrın 15-dən etibarən yuxarıda göstərilən ünvanlarda verilməyə başlanacaq.

Xatırladaq ki, Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi edəcəyi və on altı ölkənin mübarizə aparacağı qadın voleybol komandaları arasında Avropa çempionatının oyunları Bakıda, Göygöldə və Tbilisidə keçiriləcək. Qarşılaşmalar Bakıda Milli Gimnastika Arenasında, Göygöldə isə Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Xəbər 992 dəfə oxundu.