Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turnirində ikinci tura yekun vurulub
İyulun 25-də Bakıda Azərbaycanın məşhur şahmatçısı, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turnirində ikinci tura yekun vurulub.

Vüqar Həşimov Akademiyasında keçirilən yarışda 8-10-12 yaşadək uşaqlar birincilik uğrunda mübarizə aparırlar.

İkinci turun görüşlərindən sonra 15 şahmatçının hesabında 2 xal var. Altı zəka sahibi hesabına 1,5 xal, 27 şahmatçı isə 1 xal yazdırıb.

Azərbaycan, Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən 74 şahmatçının iştirak etdiyi turnir İsveçrə sistemi üzrə 9 turdan ibarətdir. Avqustun 1-dək davam edəcək mübarizəyə Azərbaycan, dünya və Avropa birinciliklərinin mükafatçıları, beynəlxalq əmsalı 1700-dən yüksək olan şahmatçılar qoşulublar.

Beynəlxalq turnirin reytinq favoriti Azərbaycan şahmatçısı Xəzər Babazadədir, baş hakimi isə beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadədir.

Xəbər 735 dəfə oxundu.