“Panatinaikos”-“Qəbələ” oyununu ispaniyalı hakimlər briqadası idarə edəcək
Futbol üzrə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Panatinaikos” (Yunanıstan) - “Qəbələ” oyununun hakimləri müəyyənləşib.

İyulun 27-də Yunanıstanda keçiriləcək qarşılaşmanın baş hakimi ispaniyalı Xuan Martines Munuera olacaq. Ona həmyerliləri Dieqo Barbero Sevilya və Sezar Manuel Noval Font kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Mario Melero Lopez yerinə yetirəcək.

Matçın UEFA nümayəndəsi latviyalı Yanis Mejeckis, hakim-inspektoru isə Lesli İrvin (Şimali İrlandiya) olacaq.

“Panatinaikos”–“Qəbələ” görüşü Afinadakı “Apostolos Nikolaidis” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 22:30-da start veriləcək.

Xatırladaq ki, Xuan Martinez Munuera ötən mövsüm Avroliqanın qrup mərhələsi çərçivəsində “Qəbələ”nin “Sent-Etyen”lə (Fransa) Bakıdakı qarşılaşmasında əlavə köməkçi hakim funksiyasını yerinə yetirmişdi. Həmin oyunda Azərbaycan təmsilçisi görüşdən 1:2 hesabı ilə məğlub ayrılmışdı.

2013-cü ildən İspaniya La Liqasında oyunları idarə edən referi bu mövsüm Avropa Liqasının ikinci mərhələsində “Qalatasaray”ın İsveçin “Östersund” komandası ilə səfərdə 0:2 hesabı ilə məğlub olduğu matçın baş hakimi olmuşdu.

Xəbər 1114 dəfə oxundu.