Mingəçevirdə iki yaşlı Zəhranın xatirəsinə həsr edilən peşəkar boks yarışı keçirilib
Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris İdman Mərkəzində ölkəmizin peşəkar boksçuları arasında yarış təşkil edilib. Yarış Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə atəş açması nəticəsində həlak olmuş Füzuli rayon sakinləri, 1967-ci il təvəllüdlü Sahibə Allahverdiyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın xatirəsinə, həmçinin Ağdamın ermənilər tərəfindən işğalının 24-cü ildönümünə həsr olunub.

Əvvəlcə “Kür” otelində keçirilən mətbuat konfransında yarışın təşkilatçısı, Almaniyada yaşayan həmyerlimiz, WBCA Boks Komitəsinin prezidenti Yaşar Niftəliyev, Almaniya Boks Federasiyasının vitse-prezidenti Artur Ellenzon, beynəlxalq kəmər uğrunda mübarizə aparacaq peşəkar boksçular Azərbaycan idmançısı Fərşid Rüstəmi və gürcüstanlı Nikoloz Berkatsaşvili çıxış edib, yarışın uğurla keçəcəyinə əminliklərini bildiriblər.

Azərbaycanın boks üzrə milli yığma komandasının böyük məşqçisi Nəriman Abdullayev qeyd edib ki, onun yetirməsi olan Fərşid Rüstəmi yarışa çox ciddi hazırlaşıb: “Peşəkar boks ağır idman növüdür və ümid edirəm ki, Azərbaycan idmançısı beynəlxalq kəmərin sahibi olacaq”.

Konfransdan sonra yarışlara start verilib. Yarışın açılış mərasimində əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov çıxış edərək, ölkəmizdə idmana göstərilən dövlət qayğısından, qazanılan uğurlardan danışıb və yarış iştirakçılarına uğurlar arzulayıblar.

Sonra Azərbaycanın şəhər və rayonlarından olan gənc və perspektivli 10 boksçu arasında 5 peşəkar döyüş keçirilib. Reytinq xarakterli bu yarışlarda Elvin Axundzadə Ariz Abbasovu, Vüsal Əliyev Yusif Habilovu, Emin Binyətəliyev Əli Məmmədovu, İsmət Eynullayev Arif Ovçuyevi, Rauf Ağayev Elvin Qarayevi məğlub edərək qalib olub.

Daha sonra hamının səbirsizliklə gözlədiyi 12 raundluq döyüş – WBCA-nın Avropa üzrə kəməri və çempionu titulu uğrunda Fərşid Rüstəmi və Nikoloz Berkatsaşvili arasında mübarizə başlayıb. Fərşid Rüstəmi rinqə ermənilər tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhranın şəklinin əks olunduğu xüsusi geyimdə çıxıb.

Azərbaycan və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Döyüş gərgin idman mübarizəsi şəraitində keçib. Yarışın 3-4-cü raundunda Azərbaycan boksçusu Fərşid Rüstəmi gürcü rəqibi Nikoloz Berkatsaşvilini 3 dəfə naqdauna salaraq çempion olub. WBCA-nın Avropa üzrə kəmərinə sahib çıxan Fərşid Rüstəmi tamaşaçılar qarşısında çıxış edərək, bu qələbəni ermənilərin vəhşiliyi nəticəsində şəhid olan 2 yaşlı Zəhraya həsr etdiyini, onun qanının yerdə qalmayacağını, qisasının tezliklə alınacağını və tezliklə Qarabağda da belə qələbələr qazanacağına əminliyini bildirib.

London Olimpiya Oyunlarının güləş üzrə qızıl medalçısı Toğrul Əsgərov və peşəkar boks üzrə Avropa və dünya çempionu Fariz Məmmədov da rinqə çıxaraq Fərşid Rüstəmini qələbə münasibətilə təbrik edib, ona gələcək döyüşlərdə uğurlar arzulayıblar.

Xəbər 975 dəfə oxundu.