“İdman” qəzetinin əməkdaşına jurnalistlərin binasında mənzil verildi
Milli mətbuatımızın 142-ci ildönümü ərəfəsində dövlətin Azərbaycan mətbuatına qayğısının bir daha şahidi olduq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında 22 iyul 2013-cü il tarixli, 3011 saylı Sərəncamı əsasında inşa olunmuş 255 mənzilli bina jurnalistlərin istifadəsinə verildi.

Ümumiyyətlə, son illər milli mətbuata ayrılan dövlət yardımlarının həcmi xeyli artıb. 4 il öncə - 2013-cü ilin 22 iyulunda jurnalistlər üçün inşa edilmiş 156 mənzilli ilk bina istifadəyə verilmişdi. Ötən illər ərzində ayri-ayrı jurnalistlərə, redaksiyalara hərtərəfli dəstək verilib, media işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.

Dövlət başçısının Sərəncamı ilə jurnalistlər üçün tikilmiş ikinci binadakı 255 mənzil öz sahiblərinə iyulun 20-də təqdim edildi. Azərbaycan jurnalistlərinin peşə bayramı ərəfəsində dövlət başçısından bu hədiyyəni qəbul edənlər arasında «İdman» qəzetinin məsul katibi Vüqar Məmmədov da var idi.

Bu il 85 illiyini qeyd edəcək, «İdman» qəzeti Azərbaycanda sırf idman təmayüllü ilk qəzet, idman mətbuatımızın ağsaqqalıdır. Qəzet illərdir ölkənin idman həyatında baş verən sıçrayışlı irəliləyişlərin, böyük inkişafın, dünya arenalarında qazanılan uğurların carçısı olub, ölkənin idman həyatının nəbzini tutmağa çalışıb. Möhtərəm Prezidentimizin əməkdaşımıza etdiyi bu hədiyyə bütün redaksiya işçilərinə, onların fədakar əməyinə verilən qiymətin ifadəsidir. Bütün redaksiya kollektivi həmkarlarının bu sevincini öz sevinci kimi yaşayır və möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin təşəkürünü bildirir. Jurnalistlərimiz bu qayğının, diqqətin, dünyanın heç bir yerində mətbuat işçilərinin görmədiyi bu münasibətin cavabını Azərbaycan idmanının təbliği sahəsindəki fəaliyətlərinin səmərəsini, keyfiyyətini yüksəltməklə verməyə çalışacaqlar.

Xəbər 1124 dəfə oxundu.