Azərbaycanın gənclər və idman naziri Portuqaliyada səfərdədir
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti Portuqaliyanın gənclər və idman üzrə dövlət katibi Joao Paulo Rebelonun dəvəti ilə bu ölkədə səfərdədir.

Nazir Azad Rəhimovun portuqaliyalı həmkarı ilə görüşündə ölkəmizdə keçirilmiş birinci Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, Formula-1 yarışı, IV İslam Həmrəyliyi Oyunları kimi böyük idman tədbirlərinin təşkili sahəsində Azərbaycanın qazandığı təcrübə ilə bağlı fikir mübadiləsi aparılıb. Söhbət zamanı gənclər və idman sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib, perspektivlər üçün təkliflərin hazırlanması fikri irəli sürülüb.

Azad Rəhimov Avropa İttifaqına üzv ölkə kimi Portuqaliyada gənclər və idman sahələrində görülən işlərlə daha yaxından tanış olmaq məqsədilə bu ölkədə gənclər və idman sahələrinə məsul bir sıra rəsmi şəxslərlə görüşlər keçirib, idman arenaları, Milli Gənclər Mərkəzi və bir sıra məkanlara səfərlər edib.

Xəbər 1782 dəfə oxundu.