Məğlubların mübarizəsi
Sabah qadın həndbol milli komandaları arasında AÇ-2013-ün seçmə qrup mərhələsində 3-cü turun oyunları keçiriləcək. İdman.com.az saytının məlumatına görə, Rəfiqə Şabanovanın rəhbərlik etdiyi yığmamız ABU-Arenada Belarus seçməsini qəbul edəcək. Artıq baş məşqçi rəqibə qarşı hansı həndbolçuların xidmətindən yararlanacağını müəyyənləşdirib. Heyətdə Səbinə Huriyeva, Anna Cəfərova, Valentina Salamaxova, Rusmiyə Xametova, Alena Şulindina, Səkinə Abbasova, Yana Qornak, Marina Tankatskaya, Vəfa Məmmədova, Rəna Həsrəddinova, Yuliya Lukyanenko, Yekaterina Peçe, İrina Qasımova, Günel Əliyeva, Yuliya Deryabina, Olqa Poqonina və Fərqanə Həzərova yer alıblar.

Dünən Bakıya gəlmiş Belarusun da heyəti bəllidir. Baş məşqçi Leonid Brazin Azərbaycan yığmasına qarşı oyunda aşağıdakı oyunçuların xidmətindən yararlanmağa çalışacaq: Yelena Abramoviç ("Ferentsvaroş", Macarıstan), Alesiya Safonova (BHTU-BelAZ), Yekaterina Dubovtsova, Tatyana Tsıribko, İrina Dronova (hər üçün - "Qomel"), Hatalya Kotina, Hatalya Vasilyevskaya (hər ikisi - "Qorodniçanka"), Alesiya Kurçankova ("Vikar-Qoyya", İspaniya), Valentina Hesteruk ("SPR-Lyublin", Polşa), Anastasiya Lobaç ("Dunareya", Rumıniya), İrina Spas ("Qordniçenka"), Liliya Artyuxoviç ("Luç", Rusiya), Yekaterina Drozdova (BHTU-BeoAZ), Yekaterina Lisok (Arkatrop"), Valentina Yankovskaya ("Astraxanoçka", Rusiya) və Anna Stepanova ("Vitasek", Avstriya).

Oyunu xorvatiyalı Yelena Crnoyeviç idarə edəcək. İkinci hakim funksiyası isə həmyerlisi Emina Kostecki Radiçə tapşırılıb.
Yığmamızın Belarusla cavab oyunu martın 25-də Belarusun Mogilyov şəhərindəki "Olimpiya" idman arenasında olacaq. Yığmamız yer aldığı qrupda indiyədək 2 görüş keçirib. Səfərdə Macarıstan yığmasına 19:49 hesabla uduzan həndbolçularımız evdə almanlarla bacarmayıb - 16:34. Düzdür, millimizlə eyni qrupda yer alan və martın 21-də Bakıda qarşılaşacağı Belarus yığması da ilk iki oyunda məğlubiyyətlə üzləşib. Ancaq bununla belə, qrupda sonuncu pilləni Azərbaycan yığması tutur.

1. Almaniya 2 2 0 0 61-35 4
2. Macarıstan 2 2 0 0 69-44 4
3. Belarus 2 0 0 2 44-55 0
4. Azərbaycan 2 0 0 2 35-75 0

Xəbər 1241 dəfə oxundu.