“Sport Time” jurnalı İslamiadaya həsr olunan tədbir keçirtdi
İyulun 13-də “Sport Time” jurnalının İslamiadaya həsr olunan nömrəsinin təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində respublikamızda idmanın inkişafından danışan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi, Milli Məclisin deputatı, professor Ağacan Abıyev Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını vurğulayıb. MOK-un baş katibi jurnalın fəaliyyətinin Azərbaycanda idman siyasətinə, idmanın inkişafına, təbliğinə xidmət göstərdiyini və dəstək olduğunu bildirib, “Sport Time” nəşrinin kollektivinə uğurlar arzulayıb.

Jurnalın baş redaktoru Jalə Rzabəyli “Sport Time” barədə məlumat verib. Qeyd edib ki, jurnalın bu buraxılışı 2017-ci ilin may-iyun aylarının idman yekunlarına həsr olunub. Jurnalın bu nömrəsi Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına həsr edilib. Nəşrdə dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin (MOK) prezidenti İlham Əliyevin IV İslam Həmrəyliyi Oyunlarında iştirakı, Oyunlara dair fikirləri, Xəzərdən başlayan su səyahəti, İslamiadanın möhtəşəm açılış və bağlanış mərasimləri haqqında materiallar geniş işıqlandırılıb. Həmçinin “Bakı-2017”də ölkəmizin birinci yeri qazanması diqqətə çatdırılıb.

Bundan başqa, jurnalda MOK-un baş katibi, Milli Məclisin deputatı, professor Ağacan Abiyev, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti Füzuli Məmmədovla bağlı məqalələr, habelə İslamiadanı uğurla başa vuran bir neçə federasiya və klublar barədə maraqlı yazılar yerləşdirilib.
Oxucular bu nömrədə, həmçinin idmançıların ən çox müraciət etdikləri Artromed Tibb Mərkəzinin fəaliyyəti ilə tanış ola bilərlər. Jurnalda klinikanın idman travmaları, oynaq və onurğa sütunu xəstəlikləri zamanı apardığı uğurlu müalicə metodlarından da bəhs olunub.

Diqqətə çatdırılıb ki, jurnalda “Sport Time”ın təqdimetmə mərasimləri, müxtəlif görüşlər, tanınmış ziyalı və idman xadimlərinin dərgi ilə bağlı fikirlərinə də yer verilib. “Fotoların dili ilə” rubrikasının budəfəki qonağı Əməkdar Artist, bəstəkar-müğənni Elza Seyidcahan olub.

Xəbər 1645 dəfə oxundu.