İdman Tennis Kompleksinin əsaslı təmirdən sonra açılışı olub
İyulun 12-də İdman Tennis Kompleksinin əsaslı təmirdən sonra açılışı olub.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Tennis Federasiyasının prezidenti Oqtay Əsədov və digər rəsmi şəxslər iştirak ediblər.

Ərazisi 1,16 hektar olan İdman Tennis Kompleksi 1986-cı ildə inşa edilib. Fəaliyyət göstərdiyi müddətdə kompleksdə əsaslı təmir və yenidənqurma işləri aparılmayıb.

Cari ilin birinci yarısından başlayaraq, kompleksin bina və qurğularında əsaslı təmir, yenidənqurma işlərinə başlanılıb və zəruri tikinti-quraşdırma işləri aparılıb.

Kompleksin əsas binası, tribunası, gözətçi-keçid məntəqəsi əsaslı təmir olunub, buradakı 6 tennis kortunun xüsusi tennis örtüyü dəyişdirilib, işıqlandırma sistemi yenidən qurulub və müvafiq ləvazimatlarla təmin olunub.

Bundan əlavə, kompleksin fəaliyyətinin tam təmin edilməsi üçün ərazidə əlavə olaraq əsas binaya bitişik fitnes zalı, masaj otağı, qazanxana, nasosxana, 60 kubmetrlik su, 120 kubmetrlik çirkab su anbarları tikilib. Həmçinin yeni sahəxari qaz xətti çəkilib, elektrik xətti bərpa olunub, çirkab su və drenaj şəbəkəsi təmin olunub.

Xəbər 1598 dəfə oxundu.