Göygöldə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş çempionat keçirilib
Göygöl Olimpiya İdman Kompleksində Azərbaycan Sindo-ryu və Pencak-silat Federasiyası ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş XI Azərbaycan birinciliyi və çempionatı keçirib.

Yarışda respublikamızın müxtəlif bölgələrindən fərqli çəki və yaş dərəcələrinə malik idmançılar iştirak ediblər. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda qaliblər diplom və müvafiq medallarla təltif olunublar.

Çempionatın keçirilməsində əsas məqsəd Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gənclərə və idmançılara göstərdiyi diqqət və qayğını, ölkəmizin müstəqiliyi və tanıdılması istiqamətində gördüyü əvəzsiz işləri bir daha xatırlatmaq və bütün bunların gənclər arasında təbliğini həyata keçirmək, idmançıların üzərlərinə qoyduğu vəzifəni yerinə yetirməkdir.

Yarışın keçirilməsi haqqında danışan Azərbaycan Sindo-ryu və Pencak-silat Federasiyasının prezidenti Ceyhun Əşrəfovun sözlərinə görə, ulu öndər Heydər Əliyev daim gənclərin sağlam böyüməsi, idmanla məşğul olmasını təmin edən işlər həyata keçirib. O, gənclərimizə ölkənin gələcəyi kimi baxıb. Bizim federasiyamız da Ümummilli Liderin tapşırıqlarına daim əməl edərək öz üzərinə düşən vəzifələri yerinə yetirir.

“Belə yarışlar gənclərin daha sağlam, güclü, özünə inamlı və gələcəkdə Azərbaycanı bütün dünyada tanıtması üçün yaxşı zəmin yaradır. Eyni zamanda biz ölkəmiz üçün gələcəyin məğrur və fiziki hazırlıqlı əsgərlərini hazırlayırıq”, - deyə Ceyhun Əşrəfov əlavə edib.

Xəbər 1115 dəfə oxundu.