Bakının “İnter” klubu UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib
Bakının “İnter” futbol klubu UEFA Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsinə vəsiqə qazanıb.

Bakı təmsilçisi iyulun 6-da turnirin birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Dalğa Arena”da Serbiyanın “Mladost” komandasını qəbul edib.

Görüşü fəal başlayan “İnter” matçın 23-cü dəqiqəsində istəyinə nail olub. Denis Silvanın qolu ilə rəqib komanda meydanın mərkəzinə dəvət olunub. Bu, Denis Silvanın avrokuboklarda üçüncü qolu olub. Belə ki, braziliyalı futbolçu 2014-cü ildə Bakının “Neftçi” klubunun heyətində Serbiyanın digər klubu “Partizan” ilə oyunda dubl edib.

Bakı təmsilçisi rəqib qapısı qarşısında bir neçə təhlükəli məqam yaratsa da, zərbələr qolla nəticələnməyib. Birinci hissəyə əlavə olunmuş vaxtda “Mladost”un futbolçusu Aleksandar Peyoviç kobud oyuna görə, ikinci sarı vərəqə aldığı üçün oyundan kənaraşdırılıb və Serbiya təmsilçisi azlıqda qalıb. Görüşün ilk hissəsi “İnter”in minimal üstünlüyü ilə yekunlaşıb – 1:0.

İkinci hissə də “İnter”in üstünlüyü şəraitində keçib. Görüşün 74-cü dəqiqəsində Pərdis Fərcad Azadın ötürməsini qolla tamamlayan Nizami Hacıyev “İnter” azarkeşlərini sevindirib.

Komandaların cəhdlərinə baxmayaraq oyunun sonunadək tabloda rəqəmlər dəyişməyib.

Beləliklə, görüş “İnter”in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında bir həftə əvvəl Serbiyada keçirilən ilk oyunda da “İnter” qalib gəlib – 3:0. İki görüşün nəticəsinə görə, “İnter” UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib. Komandamızın növbəti rəqibi Lüksemburq təmsilçisi “Fola” olacaq.

Xəbər 576 dəfə oxundu.