Bakının “Zirə” futbol klubu UEFA Avropa Liqasında mərhələ adlayıb
UEFA Avropa Liqasında debüt edən Bakının “Zirə” futbol klubu ikinci təsnifat mərhələsinə adlayıb.

İyulun 6-da “Zirə” Lüksemburqdakı “Municipial de Differdange” stadionunda yerli “Differdange” klubunun qonağı olub.

Qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsi meydan sahiblərinin minimal üstünlüyü ilə yekunlaşıb. Görüşün 11-ci dəqiqəsində David Vandenbrok komandasını hesabda önə çıxarıb.

İkinci hissədə Bakı təmsilçisi daha inamlı təsir bağışlayıb. Belə ki, görüşün 64-cü dəqiqəsində David Manqa, dörd dəqiqə sonra isə Riçard Qadze fərqləniblər.

Oyunun qalan dəqiqələrində hər iki komandanın təhlükəli zərbələri olsa da, futbolçular fərqlənə bilməyiblər.

Beləliklə, görüş “Zirə”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında bir həftə əvvəl Bakıda təşkil olunan matç da komandamızın 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. İki görüşün nəticəsinə görə, “Zirə” UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinə adlayıb.

Xəbər 560 dəfə oxundu.