Azərbaycan Voleybol Federasiyasının prezidenti: əsas məqsəd Avropa çempionatında qələbə qazanmaqdır
İyulun 5-də Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov qadınlardan və kişilərdən ibarət milli komandaların məşqçiləri, oyunçuları və federasiyanın əməkdaşları ilə görüşüb.

Görüşdə çıxış edən federasiyanın prezidenti Cavid Qurbanov qadınlardan ibarət milli komandamızın üzərinə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirdiklərini deyib. Bildirib ki, qadın voleybolçulardan ibarət komandamız IV İslam Həmrəyliyi Oyunlarının qalibidir və dünya çempionatında iştirak etməyə vəsiqə qazanıb. Qarşıda isə bizi böyük və məsuliyyətli yarış - Avropa çempionatı gözləyir.

Cavid Qurbanov deyib: “Biz Avropa çempionatında da öz sözümüzü layiqincə deyəcəyik. Mən federasiya rəhbəri olaraq, əlimdən gələn köməyi etməyə hazıram ki, biz çempionatda yüksək nəticə əldə edək. Yalnız burada böyük iş voleybolçuların və məşqçilərin üzərinə düşür. Azərbaycan Avropa çempionatına ev sahibliyi edəcək. Biz federasiya olaraq bu yarışın təşkilində bacardığımızı edə bilərik. Amma əsas məqsəd yarışda qələbə qazanmaqdir. Düşünürəm ki, bizim komandamız qələbəyə layiqdir. Bir neçə gündən sonra hazırlıqlar başlayacaq, fikrimcə, hər bir oyunçu Avropa çempionatının məsuliyyətini dərk edir. Buna görə də var gücünüzlə çalışmalısınız ki, yüksək nəticə əldə edəsiniz”.

Kişilərdən ibarət milli komandamız “Bakı-2017”də ikinci yerin sahibi olublar. Gümüş medallar böyük nəticədir. Yaxın keçmişdə kişilərdən ibarət milli komandamızın belə bir uğuru olmayıb. Bu gün bizim əsas məqsədimiz kişi voleybolunu daha da yüksəltməkdir. Ölkə çempionatında kişi komandalarının sayı ilə bərabər komandaların gücünü də artırmaqdır.

Faiq Qarayev qeyd edib ki, komandamızın qazandığı uğurlar hamımızın uğurudur. Biz yaxın günlərdə Avropa çempionatına hazırlıqlara start verəcəyik. Qarşıda komandamızı turnirlər, təlim-məşq toplantıları gözləyir. Artıq neçə müddətdir ki, qadınlardan ibarət milli yığmamız iki komanda şəklində hazırlıqları keçirir. Bu gün komandamızda zədəli oyunçularımız var. Dünya çempionatının seçmə oyunlarında da bizim bir neçə voleybolçumuz zədə səbəbindən meydançaya çıxmayıb. Bu qarşıdakı hazırlıq zamanı çalışmalıyıq ki, oyunçularımız daha yaxşı formada olsunlar. Dünya çempionatından sonra komandalar bizimlə oyuna daha ciddi hazırlaşacaqlar. Biz də buna hazır olmalıyıq.

Görüşdə Avropa çempionatının keçirilməsi üçün görülən və görüləcək işlərdən danışılıb.

Qeyd edək ki, iyulun 22-25-də Bakıda və Göygöldə Avropa çempionatının test yarışları keçiriləcək.

Xəbər 603 dəfə oxundu.