«Marca»nın Nuri Şahin iddiası
İspan telekanalı «Marca TV» Madrid «Real»ının gözlədiyini ala bilmədiyi Nuri Şahinin komandada gələcəyi haqqında əhəmiyyətli iddiaları ortaya çıxardıb. İdman.com.az saytının məlumatına görə, baş məşqçi Joze Maurinyonun tələbiylə türk futbolçunun mövsüm sonunda icarəlik olaraq bir başqa komandaya verilə biləcəyi iddia edilib.

Keçən mövsüm Dortmund «Borussiya»sı ilə Bundesliqanın «ən yaxşısı» seçilən Nuri, keçirdiyi zədələrin təsiriylə La Liqadakı ilk mövsümündə hələ özünü tapa bilmir. Türk millisinin 23 yaşlı oyunçusu üçün alman və ingilis klublarından təkliflər gəldiyi bildirilsə də, bu klublar yalnız sonradan satın alma imkanı verilərsə, Nurinin icarəlik götürülməsinə razıdırlar. «Real»la 6 illik müqaviləsi olan Nuri Şahin böyük ehtimalla gələn mövsüm İspaniyanı tərk edəcək.


Xəbər 1271 dəfə oxundu.