“Xəzər Lənkəran”dan xeyriyyə tədbiri
Bu gün “Xəzər Lənkəran”ın kollektivi klub prezidenti Mais Mənsimovun təşəbbüsü ilə Lənkəran şəhərində yerləşən Osman Mirzəyev adına Qarışıq tipli internat məktəbini ziyarət edib. İdman.com.az saytı lankaranfc.com-a istinadən xəbər verir ki, yarandığı zamandan mövcud olan ənənəyə sadiq qalaraq, komanda üzvləri Novruz bayramı öncəsi uşaqlarla görüşərək onlara bayram hədiyyəsi edib.

Komanda üzvləri ilə yanaşı, “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov və klubun direktoru Höccət Hacıyev də tədbirdə iştirak ediblər. Futbolçular uşaqlara klubun müxtəlif atributikasından ibarət hədiyyələr verdilər. Uşaqlar isə bunun qarşılığında hazırladıqları konsert proqramı ilə çıxış etdilər. Maraqlı proqramda uşaqlarla yanaşı, oyunçuların da iştirak etməsi xüsusilə yaddaqalan oldu.

İnternat məktəbinin rəhbərliyi “Xəzər Lənkəran”a bu ziyarətə görə təşəkkürünü bildirib və komandanın gəlişinin burada hər zaman sevinclə qarşılandığını klub rəsmilərinin nəzərinə çatdırıb. Öz növbəsində klub rəhbərliyi bu cür tədbirlərin “Xəzər Lənkəran”ın xoş ənənələrindən olduğunu bildirməklə, bundan sonra da belə ziyarətlərin ediləcəyinə zəmanət verib. Həmçinin klub rəhbərliyi uşaq evinin sakinlərinin “Xəzər Lənkəran”ın oyunlarına gəlib sevimli komandalarını dəstəkləməsi üçün bütün şəraitin yaradılacağına söz verib.

Xəbər 1067 dəfə oxundu.