FIFA Konfederasiyalar Kuboku: Rusiya-Portuqaliya - 0:1
İyunun 21-də Rusiyada keçirilən FIFA Konfederasiyalar Kuboku turnirinin qrup mərhələsinin ikinci turu çərçivəsində ilk oyun Rusiya və Portuqaliya komandaları arasında keçirilib.

“A” qrupunda yer alan komandaların görüşündə turnirin favoritlərindən sayılan Portuqaliya yığması ev sahibi Rusiya millisinə 1:0 hesabı ilə qalib gəlib. Moskvada keçirilən görüşdə yeganə qolu matçın 8-ci dəqiqəsində sonuncu Avropa çempionatının qalibi olan komandanın ulduz futbolçusu Kriştiano Ronaldo başla qapıdan keçirib.

Fasilədən sonra oyunda üstünlüyü tamamilə ələ alan portuqaliyalılar bir neçə təhlükəli vəziyyət yaratsalar da, görüşün sonunadək hesab dəyişməyib.

Rusiya komandasının qapıçısı İqor Akinfeyev millinin heyətində keçirdiyi 100-cü qarşılaşmada öz qapısını toxunulmaz saxlaya bilməyib.

Günün ikinci oyununda bu qrupda yer alan digər komandalar - Meksika və Yeni Zelandiya milliləri üz-üzə gələcəklər. Şimali amerikalılar turnirin autsayderi sayılan Yeni Zelandiya üzərində qələbə qazanaraq qrupdan çıxmaq üçün mühüm şans əldə edəcəklər. Soçidə keçiriləcək bu görüşə saat 22:00-da start veriləcək.

Beləliklə, iki turdan sonra hesabında dörd xal olan Portuqaliya millisi hazırda “A” qrupunun lideridir. Hesabında üç xal olan Rusiya yığması ikinci yerdə qərarlaşıb. Aktivində bir xal olan Meksika üçüncü, xalı olmayan Yeni Zelandiya komandası isə dördüncü pillədə yer alıb.

Xəbər 582 dəfə oxundu.