Paddi Lou: Bu dəfə Bakı yürüşünə daha yaxşı hazırlaşmışıq
Keçən il Bakıda keçirilən birinci yürüşdə “Williams” komandasının hər iki pilotu xal qazanıb. Komanda bu il də həmin uğuru təkrarlamaq niyyətindədir və ümid edir ki, Azərbaycan paytaxtının şəhər trasında bu maşının rəqabət qabiliyyəti Kanada ilə müqayisədə az olmayacaq.

Komandanın texniki direktoru Paddi Lou deyib: “Keçən il Azərbaycanda keçirilən birinci yürüş maraqlı oldu. İndi biz trasa bələdik və bu Qran-Priyə daha yaxşı hazırlaşmışıq. Bakıda saat əqrəbinin əksi istiqamətində 6 kilometrlik şəhər trası var. Xarakteristikalarına görə bu tras bir qədər Kanada avtodromunu xatırladır. Buna görə də ümid edirik ki, orada FW40 maşınının rəqabət qabiliyyəti az olmayacaq.

Bakı mərhələsi bu mövsümün ən qızmar havalı dövrünə təsadüf edən yürüşlərdən biridir: ilin bu ayında havanın temperaturu 39 dərəcəyə çatırdı. Buna görə də maksimum səmərə ilə işləmək üçün həm pilotlar, həm də komanda dözümlülük göstərməlidir. Ümumiyyətlə, Bakı əla şəhərdir. Bu şəhərlə keçənilki tanışlığımız bizə yaxşı təsir bağışlayıb.

Felipe bu trasla tanışdır. İndi o, əla formadadır, ona görə də çalışacağıq ki, Kanadada baş vermiş qəza ilə bağlı xoşagəlməzlikləri unudaq və Felipe layiqli nəticə göstərsin. Bundan əlavə, biz ümid edirik ki, həftəsonu Lens üçün də uğurlu keçəcək və o, iki həftə bundan əvvəl Monrealda olduğu kimi burada da xal qazanacaq”.

Komandanın digər pilotu Felipe Massa: “Bu gözəl ölkəyə, şəhərin mərkəzindəki unikal trasa qayıtmağı səbirsizliklə gözləyirəm. Orada 90 dərəcəlik döngələr çoxdur. 16-cı döngədən birinci döngəyə qədər olan hissədəki uzun düz yolda çox yüksək sürət göstərəcəyik. Keçən il mən və komanda yoldaşım xal qazanmışdıq. Kanada Qran-Prisinin əvvəlində uğursuzluğa baxmayaraq, ümid edirəm ki, komandamız yenə əla nəticə göstərəcək və finiş xəttinə ilk onluqda çatacaq”.

Pilot Lens Stroll deyib: “Mənim üçün Bakı səfəri tamamilə yeni təcrübədir, çünki mən heç vaxt orada olmamışam. Keçən il Bakı Qran-Prisi dövründə başqa yürüşdə iştirak etdiyimə görə bu mərhələnin translyasiyasına da baxa bilmədim. Bundan əlavə, Bakı trası haqda heç nə bilmirəm, çünki simulyatorda işləməmişəm, hərçənd adətən yürüşə yola düşməzdən əvvəl simulyatorda çalışıram. Eşitdiyimə görə, Bakı əla yerdir, ona görə hər şeyi öz gözümlə görmək istəyirəm. Qarşıda məni növbəti yeni ölkə ilə tanışlıq gözləyir. Formula-1 yarışlarında məni cəlb edən məqamlardan biri də budur. Yeri gəlmişkən, mənim üçün bu, sonuncu təcrübə olacaq, ona görə ki, növbəti bir neçə Qran-Prinin keçiriləcəyi traslarda artıq çıxış etmişəm”.

Xəbər 1934 dəfə oxundu.