Azərbaycan şahmatçıları Olimpiya çempionları ilə heç-heçə oynayıblar
Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Zeynəb Məmmədyarova və Xanım Balacayevadan ibarət Azərbaycan yığması Xantı-Mansiyskdə dünya komanda çempionatının dördüncü turunda Bakı Olimpiadasının qalibi Çin komandası ilə sülh bağlayıb.

Gülnar Məmmədova Çjao Syueyə qalib gəlib, Zeynəb Məmmədyarova Tsyuy Ventszyun, Günay Məmmədzadə Tan Çjuni ilə heç-heçə oynayıb, Xanım Balacayeva isə Le Tintseyə uduzub.

Daha əvvəl Azərbaycan yığması Rusiya komandası ilə heç-heçə oynayıb (2:2), Misir komandasını məğlub edib (4:0), Polşa komandasına məğlub olub (0,5:3,5).

Dörd turdan sonra Rusiya və Ukrayna komandaları liderlik edirlər. Bu komandaların hər biri 7 xal toplayıb. Hindistan komandası liderlərdən iki addım geri qalır. Azərbaycan, Çin, Gürcüstan, Polşa komandalarının hər biri dörd xal, ABŞ üç xal, Vyetnam 2 xal, Misir komandası isə 0 xal toplayıblar.

Dördüncü turun digər görüşlərində Gürcüstan komandası 1,5:2,5 hesabı ilə Rusiyaya məğlub olub. Ukrayna 3:1 hesabı ilə Vyetnama, ABŞ 3,5:0,5 hesabı ilə Misirə, Hindistan 2,5:1,5 hesabı ilə Polşaya qalib gəliblər.

Azərbaycan komandası beşinci turda Vyetnam komandası ilə qarşılaşacaq.

Xəbər 1132 dəfə oxundu.