İdman gimnastlarımız Vətənə medallarla qayıdırlar
Macarıstanın paytaxtında keçirilən idman gimnastikası üzrə “Budapest Cup” yarışı başa çatıb.

12 ölkənin təmsil olunduğu turnirdə Azərbaycanın yeniyetmə kişi gimnastları da çıxış ediblər.

Turnirdə 1999-2000-ci il təvəllüdlü gimnastların qrupunda çıxış edən Sərvər Əliyev çoxnövçülükdə yalnız macarıstanlı rəqibindən geri qalaraq fəxri kürsünün ikinci pilləsində qərarlaşıb. O, ayrı-ayrı alətlər üzrə finallarda da uğurlu çıxışları ilə yadda qalıb. Belə ki, halqalarda bürünc, paralel qollarda isə gümüş medala layiq görülüb. Eyni qrupda yer alan digər təmsilçimiz Cavidan Babayev isə ən yaxşı nəticəni halqalarda və dayaqlı tullanma hərəkətlərində göstərərək, hər iki finalda dördüncü yerdə qərarlaşıb.

2001-2002-ci il təvəllüdlü gimnastların qrupunda isə ölkəmizi Sergey Onbış, Ağamurad Qəhrəmanov və Səməd Məmmədli təmsil ediblər. Sergey çöxnövçülük yarışında gümüş medal qazanıb. Ayrı-ayrı alətlər üzrə həlledici mərhələlərdə Ağamurad və Sergey sərbəst hərəkətlərdə müvafiq olaraq 1-ci və 2-ci yerləri bölüşüblər. Paralel qollardakı çıxışı da Sergeyə gümüş medal qazandırıb. Turnikdə isə o, bürünc medal əldə edib.

Eyni yaş qrupundakı digər təmsilçimiz Səməd Məmmədli ən yaxşı çıxışını parallel qollarda nümayiş etdirərək, dördüncü yerdə qərarlaşıb.

Yarışlarda çıxış edən ən azyaşlı təmsilçimiz Mənsum Səfərov 2003-2004-cü il təvəllüdlü gimnastlar qrupunda yaxşı nəticəsini sərbəst hərəkətlərdə göstərərək 5-ci olub.

Xəbər 733 dəfə oxundu.