Vüqar Rəsulov Türkiyədə keçirilən beynəlxalq festivalın gümüş medalını qazanıb
Türkiyənin Çeşmə şəhərində şahmat üzrə beynəlxalq festival başa çatıb. Azərbaycan nümayəndəsi Vüqar Rəsulov festivalın gümüş medalını qazanıb.

“A” turnirində 9 mümkün xaldan 7 xal toplamış Ukrayna nümayəndəsi Andrey Sumets qalib gəlib. Vüqar Rəsulov, Yuri Solodovniçenko (Ukrayna), Gürcüstan nümayəndələri Konstantin Şanava və Qiqi Kuparadze, habelə rusiyalı Yevgeni Qleyzerovun da aktivində bu qədər xal var. Əlavə göstəricilər nəzərə alınmaqla gümüş medal Azərbaycan qrossmeysterinə, bürünc medal isə Ukrayna şahmatçısına təqdim edilib.

Azərbaycanın digər nümayəndələri: Ülvi Sadıqov (6,5 xal) 8-ci, Şəhriyar Rəhmanov (6 xal) 17-ci, hərəsinin aktivində 5,5 xal olan Nail Bəşirli və Bəhruz Rzayev, müvafiq surətdə, 24-cü və 28-ci yerləri tutublar. Cəmi 5 xal toplamış Azər Abdullayev isə 41-ci yerlə kifayətlənməli olub.

Turnirdə 10-dan çox ölkədən 128 şahmatçı, o cümlədən 14 qrossmeyster iştirak edirdi.

Xəbər 620 dəfə oxundu.