Avropa çempionatında daha 4 boksçumuzun ilk rəqibi müəyyənləşib
Boks üzrə Avropa çempionatında Azərbaycan millisinin daha 4 üzvünün ilk rəqibi müəyyənləşib.

52 kiloqram çəki dərəcəsində ölkəmizin idman şərəfini qoruyacaq Elvin Məmişzadə 1/8 finalda Manuel Fabritsio Kappai (İtaliya) ilə üz-üzə gələcək.

Dünya çempionumuzun rəqibinin adı yarışın ikinci günü məlum olub. 1/16 finalda macarıstanlı İstvan Şakanı 4:1 hesabı ilə məğlub edən italiyalı mərhələ adladığından 1/8 finalda Elvin Məmişzadə ilə qarşılaşacaq. İlk mərhələdən azad olan E. Məmişzadə Kappai ilə iyunun 19-da döyüşəcək.

Ukraynanın Xarkov şəhərində keçirilən qitə birinciliyində 56 kiloqram çəki dərəcəsində rinqə çıxacaq Tayfur Əliyev debütdə İrlandiya təmsilçisi Antoni Ceyms Uolkerlə gücünü yoxlayacaq. Təmsilçimizin rəqibi 1/16 finalda gürcüstanlı Severlan Çiladzeyə qalib gəlib – 5:0. Əliyevlə Uolkerin döyüşü iyunun 20-də baş tutacaq.

69 kq çəki dərəcəsində mübarizə aparacaq Pərviz Bağırov 1/8 finalda Bolqarıstan boksçusu Simyon Çamov ilə qüvvəsini sınayacaq. Həmyerlimizin rəqibinin adına 1/16 final döyüşündən sonra aydınlıq gəlib. 5:0 hesablı qələbə sayəsində belçikalı Anas Messaudini mübarizədən kənarlaşdıran bolqarıstanlı ilk mərhələdən azad olan P.Bağırovla qarşılaşmaq hüququ əldə edib. P.Bağırovun ilk görüşü iyunun 19-da olacaq.

Abdulqadir Abdullayev (91 kq) isə startda şotlandiyalı Şott Antoni Forresti sınağa çəkəcək. Bu boksçu 1/16 finalda serbiyalı Zoran Radiçi 5:0 hesabı ilə məğlub edib. Təmsilçimizin şotlandiyalı ilə qarşılaşması iyunun 20-də keçiriləcək.

Xəbər 651 dəfə oxundu.